Tramp ABŞ-nin hərbi rəhbərliyi ilə birlikdə bəyanatla çıxış edəcək
Tədbirdə ABŞ-nin güc strukturlarının rəhbərləri də iştirak edəcək. Prezidentlə birlikdə Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felan da çıxış edəcəklər.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp dəfələrlə qeyd edib ki, dünyada mövcud olan 8 münaqişənin, yəni 16 dövlətin iştirak etdiyi qarşıdurmaların həllinə nail olmaq niyyətindədir:
"Trampın həm 45-ci, həm də 47-ci prezident kimi fəaliyyətinin əsas prioritetlərindən biri sülh məsələləri olub. O, çıxışlarında dəfələrlə qeyd edib ki, dünyada mövcud olan 8 münaqişənin, yəni 16 dövlətin iştirak etdiyi qarşıdurmaların həllinə nail olmaq niyyətindədir. Lakin son dövrlərdə Tramp ABŞ Müdafiə Nazirliyinin adını "Müharibə Nazirliyi" olaraq dəyişdirməyi təklif edib və bunun fonunda ABŞ-nin İsrail–İran münasibətlərində İrana hava zərbələri endirməsi, eləcə də Venesuela ilə gərgin münasibətlər yaşaması diqqət çəkir. Xüsusilə Venesuela dövlətinə, vətəndaşlarına və ya şirkətlərinə məxsus katerlərin ABŞ Hərbi Hava Qüvvələri vasitəsilə məhv edilməsi, ABŞ-nin artıq Venesuelaya qarşı hərbi əməliyyatlara başlaması, bu gərginliyin silahlı qarşıdurmaya çevrilmək ehtimalını artırır. Tramp administrasiyasının, eləcə də güc strukturlarının xüsusilə Pentaqon rəhbərliyi və Hərbi Dəniz Qüvvələrinin komandanlığının bu prosesdə aktiv rolu, Venesuelaya qarşı müharibənin qaçılmaz olduğunu göstərir".
"Müsahib qeyd edib ki, Venesuela Prezidenti Nikolas Maduro dəfələrlə ABŞ Prezidentinə müraciət edərək müharibənin qarşısını almaq üçün hər cür addım atmağa hazır olduğunu bəyan edib:
" O, hətta ABŞ-dən təxminən 200 milyon dollar məbləğində vəsaitin götürülərək Kubaya getməsi məsələsində vaxt istəyib və bu müddətin 6-7 aya qədər uzadılmasını xahiş edib. Lakin ABŞ administrasiyası bu müraciətə cavab olaraq Venesuela Prezidentinə cəmi 10-15 günlük qısa bir müddət verib və bu vaxt ərzində konkret qərar verməsini gözləyir. Böyük ehtimalla ABŞ Prezidentinin və güc strukturlarının çıxışları məhz Venesuela ilə bağlı olacaq. Digər tərəfdən qeyd etmək lazımdır ki, ABŞ bu münasibətləri Karib dənizi regionunda yerləşən digər dövlətlərə də şamil edə bilər. Gələcəkdə Venesuela ilə bağlı vəziyyətin Kubaya da təsir göstərməsi mümkündür. Bu baxımdan, ABŞ administrasiyasının rəhbəri və güc strukturlarının bu məsələ ilə bağlı birgə çıxışları Venesuela mövzusuna yönəlmiş ciddi siyasi və hərbi siqnal ola bilər".
Səmayə Səftərova
