Tramp ABŞ-nin səyahət qadağasına daha beş ölkə əlavə edib
ABŞ Prezidenti Donald Tramp Fələstin Administrasiyasının verdiyi səyahət sənədinə sahib şəxslərə və daha beş ölkənin vətəndaşlarına qarşı səyahət məhdudiyyətləri tətbiq edib.
Ağ Ev bildirib ki, bu məhdudiyyətlər ABŞ-nin təhlükəsizliyini qorumaq məqsədilə gətirilib və 1 yanvardan qüvvəyə minəcək. Siyahıya son əlavə olunan ölkələr Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya olub. Bundan əlavə, əvvəllər qismən məhdudiyyət tətbiq olunan Laos və Syerra Leone də tam qadağa siyahısına daxil edilib. Nigeriya, Tanzaniya və Zimbabve də daxil olmaqla daha 15 ölkəyə qismən məhdudiyyətlər tətbiq edilib. Yanvar ayında Ağ Evə qayıtdıqdan sonra miqrasiya nəzarətini sərtləşdirən Tramp genişləndirilmiş səyahət qadağasının zəruri olduğunu bildirib. Onun administrasiyası bu addımı xarici ölkələrdə yoxlama və nəzarət sistemlərinin uğursuzluğu ilə əsaslandırıb. Yüksək viza pozuntusu halları, etibarsız mülki qeydiyyat sistemləri, korrupsiya, terror fəaliyyəti və deportasiya edilən vətəndaşların qəbulunda əməkdaşlıq çatışmazlığı səbəb kimi göstərilib.
BBC NEWS
Səmayə Səftərova
