00:00:00
Yazar
Admin User
07.11.2025 18:47 141 3 dəq oxuma
Dünya

Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb

Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb

Bu barədə ABŞ liderinin bəyanatında deyilir.Tramp vurğulayıb ki, ABŞ-nin İranla münasibətləri hələ normallaşdırılmayıb, amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.⁩

 

Bu mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az” a bildirib ki, Amerika Birləşmiş Ştatları və ümumilikdə Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalar çox genişmiqyaslıdır:

 

“Bu sanksiyalar nəticəsində İranın xaricdən mal alması və xaricə məhsul satması ciddi şəkildə məhdudlaşdırılıb. Ən çox zərbə isə ölkənin əsas gəlir mənbəyi olan neft sənayesinə dəyib. Faktiki olaraq İran dünya bazarına sərbəst şəkildə çıxış edə bilmir. Sanksiyaların təsiri təkcə iqtisadi sahədə deyil, aviasiya sektorunda da özünü göstərir. İran uzun illərdir yeni təyyarələr ala bilmir və mövcud təyyarələrinin də istismarını təmin etməkdə çətinlik çəkir. Bir neçə il əvvəl məlum olmuşdu ki, İranın mülki aviasiyasındakı 350 təyyarədən yalnız 150-si uçuşa yararlıdır. Qalanları isə texniki nasazlıq səbəbindən sıradan çıxıb. O vaxtdan bu vəziyyətin daha da pisləşdiyi ehtimal olunur. Bu sanksiyaların əsas məqsədi İran rejimini təzyiq altında saxlayaraq onu beynəlxalq qaydalara uyğun idarəetmə modelinə yönəltməkdir. Lakin fars-molla rejimi xalqın üzləşdiyi bütün bu çətinliklərə baxmayaraq, yenə də sərt və köhnə siyasi düşüncəsindən əl çəkmir. ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da mediaya açıqlama verərək bildirib ki, İran rəhbərliyi sanksiyaların ləğvini xahiş edib və bu məsələni Vaşinqton nəzərdən keçirə bilər. Trampın sözlərinə görə, ABŞ kor-koranə sanksiya tətbiq etmir-bu addımdan əvvəl İran tərəfinə dəfələrlə dialoq təklif olunub, məsələlərin masa arxasında, diplomatik yolla həlli təklif edilib. Lakin Tehran bu çağırışlara məhəl qoymayıb. Bu ilin iyununda İsrailin İrana qarşı hərbi hücumlarının əsas səbəblərindən biri də məhz İranın bu çağırışları qulaqardına vurması və eyni zamanda terror təşkilatlarını maliyyələşdirməsi idi. Xüsusilə Həmas təşkilatının 2023-cü il oktyabrın 7-də Qəzzada törətdiyi hücumdan sonra İsrailin əks-hücum əməliyyatları nəticəsində bölgədə böyük fəlakət yaşanıb. İki milyondan çox insan didərgin düşdü, on minlərlə insan həyatını itirib. ABŞ bu məsələdə İsrailin yanında yer alıb və iyun ayında baş verən 12 günlük müharibənin dayandırılmasında əsas rol oynayıb. Bunun səbəbi təkcə İsrailə dəstək deyil, həm də İranın nüvə silahı iddiasından əl çəkməməsidir. ABŞ və beynəlxalq qurumlar uzun illərdir İranı bu ambisiyadan imtina etməyə çağırır, lakin nəticə əldə olunmayıb. Həmin 12 günlük müharibənin sonunda ABŞ-nin hərbi qüvvələri İranın hava məkanına daxil olaraq yeraltı nüvə obyektlərinə zərbələr endirib. Bu hadisə Vaşinqtonun Tehranla bağlı mövqeyini açıq şəkildə göstərdi: ya masa arxasına oturub dialoqa razı ol, ya da hərbi və iqtisadi təzyiqə məruz qal. Noyabrın 6-da ABŞ Xəzinədarlıq Departamentinin yaydığı yeni açıqlamada bildirilir ki, sanksiyalar əsasən İran neftindən və digər məhsullardan əldə edilən gəlirlərin Livandakı “Hizbullah” təşkilatına yönəldilməsinə görə tətbiq olunub. Bu səbəbdən həm İran dövlətinə, həm də onunla əlaqəli şəxslərə qarşı yeni sanksiyalar davam etdiriləcək. Gələcəkdə isə əlavə fərdi sanksiyaların da tətbiqi istisna olunmur”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər