Tramp-Meloni gərginliyi transatlantik münasibətlərə təsir edəcəkmi? - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni arasında baş verən son söz mübadiləsi beynəlxalq siyasətdə liderlər arasındakı münasibətlərin və diplomatik ünsiyyətin nə qədər həssas olduğunu bir daha göstərir. Xüsusilə transatlantik əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı bir dövrdə bu cür açıqlamalar yalnız iki siyasətçi arasındakı şəxsi münasibətlərə deyil, həm də ABŞ-İtaliya əlaqələrinə təsir göstərə bilər. Mövzu siyasi liderlərin ictimai bəyanatlarının diplomatik münasibətlərə necə təsir etdiyini və müttəfiq ölkələr arasında qarşılıqlı etimadın qorunmasının vacibliyini ön plana çıxarır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın son bir ayda İtaliyanın Baş naziri ilə bağlı paylaşımları iki tərəf arasında kifayət qədər gərgin vəziyyət yaradıb:
“Nəzərə alsaq ki, Tramp hakimiyyətə gəldiyi ilk dövrlərdə Avropada ən çox hörmət etdiyi, simpatiya bəslədiyi liderlərdən biri məhz İtaliyanın Baş naziri Meloni idi. Amma son dövrlər Tramp onu ciddi tənqid atəşinə tutur və sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edir”.
Politoloq bunun əsas səbəbini İtaliyanın mövqeyi ilə əlaqələndirib:
“Düşünürəm ki, bunun əsas səbəbi, İtaliyanın Amerikanın İrana qarşı başlatdığı savaşda ona aktiv dəstək verməməsi və bu proseslərdən özünü kənarda saxlaması ilə bağlıdır. İtaliyanın Avropa siyasətindəki mövqeyi də bu gərginliyə təsir göstərən amillərdən biridir. Digər tərəfdən, İtaliya Avropa siyasətində daha aktiv rol oynamağa çalışır və müəyyən qədər Amerikadan daha az asılı siyasət yeridir. Bu da, görünür, Trampın xoşuna gəlmir və bu baxımdan belə paylaşımlar edir. Yaranan gərginlik dövlətlərarası münasibətlərə köklü təsir göstərməyəcək. Hesab edirəm ki, bu, iki tərəf arasında münasibətləri müəyyən qədər gərginləşdirsə də, dövlətlərarası münasibətlərə çox da dərin təsir etməyəcək. Yəni, Donald Trampın zaman-zaman müxtəlif liderlər haqqında bu tip açıqlamalarının şahidi olmuşuq və bu açıqlamalardan bir qədər sonra onun fikirlərində ciddi dəyişikliklərin də şahidi olmuşuq. Bu baxımdan hesab edirəm ki, bu nə qədər xoşagəlməz olsa da, Amerika və İtaliya arasında münasibətlərin çox ciddi şəkildə korlanmasına gətirib çıxarmayacaq".
Mehriban Yariyeva