"Tramp sülhə əsas maneə kimi Putini deyil, Zelenskini görür" – SİYASİ ŞƏRHÇİ
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putini deyil, Ukrayna Prezidenti Volodimir Zelenskini sülh sazişinin əldə olunmasına əsas maneə kimi təqdim etməsi Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Vaşinqtonun müharibəyə yanaşmasında müşahidə olunan dəyişikliklər, Ukraynaya mümkün təzyiqlər və Moskvanın danışıqlardakı mövqeyi diqqət çəkən əsas məsələlərdəndir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, hazırkı mərhələdə ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə münasibətində diplomatik təzyiq siyasəti ön plana çıxır:
“Hazırkı mərhələdə ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə münasibətində diplomatik təzyiq istiqaməti ön plana çıxır. Əsas diqqət Ukraynanın kompromisə nə dərəcədə hazır olmasına və hansı güzəştlərə gedəcəyinə yönəlir. Donald Tramp administrasiyasının yanaşmasında müharibənin mümkün qədər tez başa çatdırılması, iqtisadi xərclərin azaldılması və Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlər kimi ön plana çıxır.
Bu dəyişikliklər ABŞ-nin xarici siyasətində geosiyasi məqsədlərlə qısamüddətli siyasi nəticələr arasında tarazlığın dəyişdiyini göstərir. Vaşinqton bir tərəfdən Ukraynaya dəstəyini müəyyən səviyyədə davam etdirir, digər tərəfdən isə Kiyevi güzəştlərə getməyə təşviq etmək üçün diplomatik təzyiq vasitələrindən istifadə edir. Bu baxımdan, Co Bayden administrasiyasının siyasəti ilə Donald Trampın hazırkı yanaşması arasında müəyyən fərqlər müşahidə olunur”.
Elmir Səftərov qeyd edib ki, ABŞ-nin hazırkı siyasətini davam etdirməsi Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinə təsir göstərə bilər:
“Əgər ABŞ-nin bu siyasəti davam edərsə və Rusiya daha məqbul tərəf, Ukrayna isə sülhə mane olan tərəf kimi təqdim edilərsə, Moskva diplomatik danışıqlarda əlavə üstünlüklər əldə edə bilər. Bu isə danışıqlar prosesində qüvvələr nisbətinə və mümkün razılaşmanın şərtlərinə təsir göstərə bilər”.
Siyasi şərhçinin sözlərinə görə, Ukraynada siyasi hakimiyyətin dəyişməsi ehtimalı ilə bağlı mümkün yanaşmalar da diqqət çəkən məqamlardandır:
“Digər diqqətçəkən məqam ABŞ-nin Ukraynada siyasi hakimiyyətin dəyişməsi ilə bağlı mümkün yanaşmasıdır. Vaşinqtonun öz maraqlarına uyğun siyasət yürüdəcək və yeni razılaşmaya daha meyilli siyasi qüvvələrlə işləməyə üstünlük verməsi ehtimalı müzakirə oluna bilər.
Eyni zamanda, uzun illərdir müharibənin ağır nəticələri ilə üzləşən Ukrayna cəmiyyətinin ərazi bütövlüyü, təhlükəsizlik və ölkənin gələcəyi ilə bağlı məsələlərə həssas yanaşdığı nəzərə alınmalıdır. ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə dair mövqeyi tərəflərin diplomatik manevr imkanlarına, danışıqların şərtlərinə və mümkün sülh razılaşmasının məzmununa təsir göstərə biləcək əsas amillərdən biridir”.
Gülnar Mustafayeva