Tramp: Zelenski ABŞ-nin İran dronlarından müdafiə üçün ehtiyac duyduğu sonuncu şəxsdir
ABŞ-nin Yaxın Şərq münaqişəsi zamanı İran dronlarından müdafiə olunmaq üçün, Ukrayna daxil olmaqla heç kimin köməyinə ehtiyacı yoxdur.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az” a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp-ın Ukrayna və Ukrayna rəhbərliyi barədə səsləndirdiyi fikirlər, şübhəsiz ki, nə diplomatik etiket baxımından, nə də siyasi nəzakət baxımından təqdir olunası ifadələr hesab edilə bilməz:
“Bu mövqe daha yumşaq və diplomatik üslubda da ifadə oluna bilərdi. Bununla belə, nəzərə almaq lazımdır ki, Tramp müəyyən dövrlərdə ABŞ-nin Ukraynanın müqavimət qabiliyyətini qoruması üçün maliyyə və hərbi yardım göstərdiyini də vurğulayıb. Yəni onun tənqidi açıqlamaları Ukraynanın mövcudluğunu dəstəkləyən siyasətlə tam ziddiyyət təşkil etmir. Sadəcə həmin açıqlama ən yumşaq ifadə ilə desək, müəyyən təəssüf doğurur. Ümumiyyətlə, belə sərt və bəzən emosional çıxışlar Trampın siyasi üslubunun bir xüsusiyyəti kimi qiymətləndirilir. Bu səbəbdən də düşünmək olar ki, bu tip açıqlamalar Amerika ilə Ukrayna arasındakı münasibətlərdə ciddi və uzunmüddətli gərginlik yaratmaya bilər. Yaxın Şərq kontekstinə gəldikdə isə, İran vasitəsilə istifadə olunan dron texnologiyaları əsasən Körfəz regionunda yerləşən ərəb ölkələrini narahat edən təhlükələrdən biridir. Bu ölkələrin dron hücumlarına qarşı müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində Ukrayna texnologiyalarına və ukraynalı mütəxəssislərə maraq göstərdikləri bildirilir. Mümkündür ki, artıq müəyyən səviyyədə əməkdaşlıq və danışıqlar aparılır və ukraynalı mütəxəssislər antidron sistemlərinin hazırlanması strategiyalarında iştirak edirlər. Hazırkı geosiyasi vəziyyətdə bəzi proseslərdən qısa müddətdə faydalanan tərəf kimi Rusiya görünür. Uzun müddət sanksiyalar altında olan rus nefti üçün bazarda yeni alıcıların yaranması və müəyyən ticarət məhdudiyyətlərinin yumşaldılması Moskva üçün müvəqqəti iqtisadi üstünlük yarada bilər. Lakin enerji bazarındakı böhranların adətən uzunmüddətli olmadığı nəzərə alınsa, bu üstünlüyün də davamlı olacağı şübhəlidir. Digər tərəfdən, artıq bir neçə illik müharibə təcrübəsi qazanmış Ukrayna ordusunun gələcək hərbi əməliyyatları Rusiyanın iqtisadi və hərbi infrastrukturuna ciddi zərbələr vurmaq potensialına malikdir. Buna görə də müharibə şəraitində əldə olunan qısamüddətli üstünlüklər və ya üçüncü tərəflərin qazancı strateji baxımdan qalıcı nəticə sayılmır. Digər regional qarşıdurmalara gəlincə, Israil və ABŞ-nin İran ilə qarşıdurması kontekstində hərbi və texnoloji üstünlük hazırda daha çox İsrail və ABŞ vasitəsilə qiymətləndirilir. Münaqişə zamanı İsrail və regiondakı bəzi ölkələr də zərər görsə də, strateji və hərbi obyektlər baxımından daha böyük dağıntıların İran ərazisində baş verdiyi qeyd olunur. Bu səbəbdən müharibənin nəticəsinin münaqişəni başladan və hərbi üstünlüyə malik tərəflərin xeyrinə bitməsi ehtimalı daha yüksək qiymətləndirilir”.
Selcan Xudiyeva