Tramp - Zelenski görüşü
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla görüşə hazırlaşır. Ukrayna və ABŞ liderlərinin görüşü 2025-ci il avqustun 18-i bazar ertəsinə təyin edilib.
Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bu görüşün baş tutması olduqca vacibdir çünki Tramp artıq Rusiya Prezidenti ilə görüşüb,indi isə Ukrayna Prezidenti ilə razılaşmalıdır:
"Onların hansı məsələlərdə uzlaşa biləcəyi, hansı məsələlərdə isə uzlaşmasının mümkün olmayacağı önəmlidir. Əgər müəyyən razılıqlar əldə olunarsa, bu, gələcəkdə Rusiya–Ukrayna müharibəsinin taleyinə təsir edə bilər, hətta savaşı dayandıra bilər. Ümumiyyətlə, Trampın planı ondan ibarətdir ki, əvvəlcə Putinlə, sonra Zelenski ilə görüşsün və əgər hər iki tərəf razılığa gələrsə, üçtərəfli görüş təşkil olunsun.
Mənim bildiyimə görə, bu görüşə Zelenski tərəfi hazırdır. Amma Vladimir Putin, yəqin ki, üçtərəfli görüşə razılıq verməyəcək. Digər tərəfdən, ABŞ–Ukrayna münasibətləri mövcuddur: əməkdaşlıq var, strateji tərəfdaşlıq var. Hətta Tramp dönəmində də Ukraynadakı nadir metal və mineral ehtiyatlarının istifadəsi ilə bağlı müəyyən razılaşmalar əldə olunmuşdu.
Gələcəkdə müharibə dayandırılarsa, ABŞ-nin Ukraynaya investisiya qoyması və maliyyə yardımlarını artırması gözləniləndir. Lakin təbii ki, Tramp bu yardımların müəyyən formada qarşılığını da istəyir".
Ekspert həmçinin bunu da qeyd edib ki, əgər ABŞ–Ukrayna münasibətləri normallaşarsa və müharibə dayandırılarsa, o halda ABŞ-nin Ukraynanın bərpasında iştirak etməsi də mümkündür:
"Danışıqların indiki mərhələsində isə mühüm bir məqam var: Ukrayna tərəfi atəşkəs barədə razılaşma əldə etmək istəyir. Rusiya tərəfi isə müəyyən şərtlər irəli sürür və yalnız həmin şərtlər qəbul olunarsa, savaşın dayandırılmasına və bəzi hücum əməliyyatlarının dayandırılmasına dair təkliflər verir. Konkret olaraq, indi Rusiyanın bütövlükdə tanınmasını istəməsinə dair məlumatlar var. Lakin Ukrayna Prezidenti bunu real hesab etmir.
Buna görə də böyük ehtimalla, görüşlərin nəticə verməsi, savaşın dayandırılması və ya atəşkəsin əldə olunması barədə danışmaq hələ tezdir".
Güllər Gülhüseynova