Trampın çağırışı Avropanın Rusiya ilə diplomatik münasibətlərində yeni mərhələ aça bilər
Avropa liderlərinin Putinlə birbaşa danışıqları Ukrayna üzrə sülh prosesində Avropanın rolunu gücləndirə və Moskva ilə Qərb arasında siyasi gərginliyin azalmasına şərait yarada bilər.
Mövzu ilə bağlı "İnformator.az”a açıqlamsında politoloq Züriyə Qarayeva bildirib ki,ABŞ Prezidenti Donald Trampın Avropa liderlərini Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara çağırması Qərbin Rusiya ilə münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
“Bu təşəbbüs göstərir ki, Vaşinqton Ukrayna müharibəsinin həlli prosesində Avropanın daha fəal iştirakını və Moskva ilə birbaşa kommunikasiya kanallarının formalaşdırılmasını məqsədəuyğun hesab edir. İndiyədək Avropa dövlətlərinin əksəriyyəti Rusiyaya qarşı sanksiyalar və siyasi təcrid siyasətinə üstünlük verirdisə, hazırkı şəraitdə diplomatik dialoqun bərpası imkanları daha ciddi müzakirə olunur. Bununla yanaşı, Trampın çağırışı ABŞ-nin münaqişənin həlli ilə bağlı diplomatik məsuliyyəti Avropa müttəfiqləri ilə daha geniş bölüşdürmək niyyətinin göstəricisi də ola bilər. Çünki Ukraynadakı müharibənin nəticələri birbaşa Avropanın təhlükəsizlik arxitekturasına, enerji siyasətinə və iqtisadi sabitliyinə təsir göstərir”.
Politoloq qeyd edib ki, Avropa liderlərinin Putinlə birbaşa danışıqlara başlaması Rusiya ilə Qərb arasında siyasi gərginliyin müəyyən qədər yumşalmasına və Ukrayna üzrə sülh danışıqlarının daha geniş formatda aparılmasına şərait yarada bilər.
Lakin burada əsas məsələ dialoqun başlanmasından daha çox, tərəflərin hansı şərtlər əsasında razılığa gələcəyidir. Rusiya öz təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb etdiyi halda, Avropa dövlətləri Ukraynanın suverenliyi, ərazi bütövlüyü və gələcək təhlükəsizlik təminatlarını ön plana çıxarırlar. Bu baxımdan danışıqların başlanması mövcud ziddiyyətlərin avtomatik aradan qalxması demək deyil. Eyni zamanda, Avropa İttifaqı daxilində Moskva ilə münasibətlərin hansı formada qurulması məsələsində fikir ayrılıqları da yarana bilər. Hesab edirəm ki, Trampın bu təşəbbüsünün əsas geosiyasi nəticəsi Avropanın Ukrayna üzrə sülh prosesində yalnız ABŞ-nin qərarlarını dəstəkləyən tərəf deyil, birbaşa danışıqlarda iştirak edən müstəqil diplomatik aktor kimi mövqeyini gücləndirmək imkanı olacaq.
Nurgün Qənizadə