Trampın iPhone jesti ticarət müharibəsində ciddi bir geri çəkilmədir
ABŞ gömrüyünün şənbə gecəsi səssizcə yaydığı bir qeyddə, Çindən idxal olunan mallara tətbiq ediləcək 125%-lik tarifdən azad edilən məhsul kodları sadalanıb. Bu kodlardan biri — "8517.13.00.00" — əksər insanlar üçün heç nə ifadə etməsə də, ABŞ gömrük siyahısında bu kod smartfonları təmsil edir.
Bu istisna nəticəsində, keçən il Çindən Amerikaya dəyər baxımından ən çox ixrac olunan məhsul – yəni smartfonlar – eləcə də digər elektron cihazlar və komponentlər, o cümlədən yarımkeçiricilər, günəş batareyaları və yaddaş kartları tariflərdən azad edilib. ABŞ Ticarət katibi Howard Lutnick bir neçə gün əvvəl tariflərin artırılmasındakı məqsədin iPhone istehsalını ABŞ-yə qaytarmaq olduğunu deyərkən bu qərar ciddi bir geri dönüş oldu. Tariflər tətbiq olunsaydı, Apple-ın Çin Zhengzhou şəhərindəki zavodunda istehsal olunan iPhone-ların ABŞ mağazalarındakı qiymətlərə təsiri bir neçə həftəyə görünəcəkdi. Bəzi modellərin qiymətləri 2000 dollara qədər qalxa bilərdi. Apple ya bu xərci bütün dünya üzrə qiymətlərə yaymalı idi, ya da böyük mənfəət itkisi ilə üzləşəcəkdi. İndilik bu qiymət şoku önlənib, lakin Çinə qarşı opioid fentanil ilə bağlı əvvəlki 20%-lik tariflər qüvvədə qalarsa, yenidən baş verə bilər. Apple-ın rəhbəri Tim Cook burada əsas fiqurdur – o həm Donald Tramp, həm də Çin prezidenti Xi Jinping ilə bir masa arxasında əyləşə biləcək nadir insanlardandır. Apple-ın iki iqtisadiyyat arasında körpü olması və Cook-un təchizat zənciri sahəsindəki təcrübəsi onu vacib oyunçuya çevirir. ABŞ administrasiyasında da dəyişikliklər müşahidə olunur. Ticarət sərtliyi ilə tanınan Peter Navarro kənarda qalaraq, onun yerinə Maliyyə katibi Scott Bessent ön plana keçirilib. Navarro'nun ölkələrin ABŞ ilə olan ticarət balansına görə tarif təyin etmə formulu artıq diqqətdən düşüb. Yeni siyasətə görə, Tayvan, Vyetnam, Malayziya və Tailand kimi ölkələrə böyük istisnalar verilib. Məsələn, Tayvanın ABŞ ilə 74 milyard dollarlıq, Vyetnamın isə 124 milyard dollarlıq ticarət profisiti (artıqlığı) var və bu ölkələrin böyük hissəsi tarifdən azad edilib. İronik şəkildə, ABŞ-nin ticarət kəsri olmayan, əksinə ABŞ-yə daha çox mal satan bu ölkələr güzəşt əldə edir, halbuki ABŞ-nin ixracda üstün olduğu Böyük Britaniya kimi müttəfiqlərə qarşı 25%-lik avtomobil tarifləri tətbiq olunur. Bu, "heç bir güzəşt olmayacaq" deyən əvvəlki yanaşmadan tam fərqli bir mövqedir. Artıq bu siyasət "geri çəkilmə sənəti" kimi adlandırılır. ABŞ indi həm bazarlarla, həm də özü ilə danışıqlar aparır. Dünya isə sadəcə bu oyunun necə nəticələnəcəyini izləyir.
BBC News
Billurə Quliyeva