00:00:00
Yazar
Zəhra Həsənova
05.11.2026 22:33 36 2 dəq oxuma
Siyasət

Trampın siyasətindən narazı respublikaçılar Vensin ətrafında birləşə bilər

Trampın siyasətindən narazı respublikaçılar Vensin ətrafında birləşə bilər

ABŞ-də Donald Trampın daxili və xarici siyasətindən narazı qalan respublikaçıların vitse-prezident Cey Di Vensin ətrafında birləşməsi ehtimalı var. Bu, Vensin gələcək prezident seçkilərində respublikaçıların vahid namizədi kimi irəli sürülməsi perspektivini də gündəmə gətirir.

 

Mövzu ilə bağlı Milli Məclisin üzvü Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, aralıq seçkilərdə demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük qazanması Amerika cəmiyyətində respublikaçılara qarşı narazılığın formalaşdığını göstərir.

 

Onun sözlərinə görə, demokratların seçkilərdə üstünlük əldə etməsinin əsas səbəblərindən biri seçicilərin Donald Trampa səs vermək istəməməsi olub. İqtisadi problemlər, enerji qiymətlərinin artması və inflyasiya sıravi vətəndaşları narahat edən əsas məsələlər sırasında yer alıb. Bununla yanaşı, demokratların sosialyönümlü şüarları və miqrantların dəstəklənməsi ilə bağlı mövqeləri də seçicilərin bu partiyaya rəğbət göstərməsinə təsir edib.

 

Azər Allahverənov qeyd edib ki, bu vəziyyət respublikaçıların qarşıdakı prezident seçkilərində yeni namizəd axtarışını aktuallaşdıra bilər. Onun fikrincə, Donald Trampın yenidən namizəd olması halında seçicilərin ona münasibəti respublikaçıların seçki nəticələrinə təsir göstərə bilər. Bu baxımdan vitse-prezident Cey Di Vens potensial namizəd kimi ön plana çıxır. Vensin həm gənc siyasi fiqur olması, həm də daxili və xarici siyasətlə bağlı özünəməxsus mövqeyinin mövcudluğu onun siyasi çəkisini artıran amillər kimi qiymətləndirilir.

 

Onun qənaətinə görə, Trampın qərarları ilə hər zaman üst-üstə düşməyən mövqelər sərgiləyən Vens gələcəkdə administrasiyanın siyasətindən narazı qalan respublikaçıları öz ətrafında birləşdirə bilər. Hazırda da onun siyasi mövqeyini dəstəkləyən kifayət qədər güclü komandanın olduğu bildirilir.

 

O əlavə edib ki, qarşıdakı dövrdə ABŞ administrasiyası ilə demokratların çoxluq təşkil etdiyi Konqres arasında siyasi qarşıdurma yarana bilər. Bu isə ölkədə siyasi turbulentliyə səbəb ola bilər.

 

Onun fikrincə, bütün bu amilləri nəzərə alaraq, respublikaçıların gələcək prezident seçkilərində vahid namizəd kimi Cey Di Vensi dəstəkləməsi ehtimalı mövcuddur. Ekspert qeyd edib ki, bu variant Donald Tramp üçün arzuolunmaz olsa da, respublikaçıların seçkilərdə qalib gəlməsi baxımından Vensin namizədliyinin dəstəklənməsi mümkün ssenarilərdən biridir.

Ada Hacızadə

#gündəm #narazı #birləşə #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər