Trampın Zelenski və Şaraa ilə görüşləri diqqət mərkəzindədir- POLİTOLOQ
ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə planlaşdırılan görüşləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Qlobal təhlükəsizlik, regional münaqişələr və diplomatik münasibətlərin ön plana çıxdığı bir dövrdə baş tutacaq bu təmasların NATO sammitinin əsas hadisələrindən biri olacağı gözlənilir.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü əsasən mövcud vəziyyət, Rusiya cəbhəsindəki müharibənin gedişi və nəticələri ilə bağlı ola bilər:
“Müharibə artıq həlledici mərhələyə qədəm qoyub və daha gərgin proses başlayır. Atəşkəs və sülh cəhdləri boşa çıxsa da, bu mövzuda da müzakirələr aparıla, yollar axtarıla bilər. Qərbin məqsədi Rusiyanı geri çəkilməyə məcbur edib müharibəni o mərhələdən sonra bitirməkdir. Çünki burada iqtisadi zərbə və daxildə sabitliyin pozulması gözləntiləri var. Hələ ki, bu da baş vermir. Nəticədə tərəflərin üstünlüyü davamlı olaraq dəyişir və qarşılıqlı hücumlar hər iki ölkədə dağıntılar və insan tələfatına səbəb olur. Böyük ehtimalla NATO sammiti çərçivəsində hərbi yöndən Ukraynanın üstünlük əldə etməsi yönündə müəyyən mövzular müzakirə oluna bilər”.
Tural İrfan Suriya prezidenti ilə görüşün də gözlənilən olduğunu bildirib:
“ABŞ-nin Hizbullah və Suriyanın toqquşdurulması niyyəti var. Amma Əhməd Şaraa buna getmək istəmir. Bu günlərdə eyni zamanda Livanın bəzi xristian kəndləri Hizbullah təhdidi qarşısında İsrailə birləşmək barədə məsələ qaldırıblar. Əgər Livanda vəziyyət mürəkkəbləşərsə, bu proses Suriyaya da sıçraya bilər və Hizbullahla toqquşma qaçılmaz olar. Belə olduğu təqdirdə isə Türkiyə üçün zərərli nəticələr ortaya çıxa bilər. Bu mənada da sözügedən görüşdə bütün bu məsələlərin müzakirəsi gözlənilir. Ukrayna məsələsi ilə bağlı, eyni zamanda, Yaxın Şərqdəki durumla əlaqədar sülh və sabitliyin təmin olunması yönündə də rəylər gözlənilir".
Mehriban Yariyeva