“Üçlüyün əsas motivi Türkiyənin bölgədəki təsirini balanslaşdırmaqdır”
İsraildə dekabrın 22-də üçtərəfli sammit keçirilib. Sammitdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyə əleyhinədir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail–Yunanıstan–Kipr üçlüyünün son sammiti təkcə Şərqi Aralıq dənizi üçün deyil, həm də Cənubi Qafqaz üçün mühüm geosiyasi siqnaldır:
"Üçlüyün əsas motivi Türkiyənin bölgədəki təsirini balanslaşdırmaqdır. Bu isə Azərbaycanı xüsusi həssas mövqeyə salır, çünki Bakı həm Türkiyə ilə strateji müttəfiqdir, həm də İsrail ilə hərbi-texniki və təhlükəsizlik sahəsində yaxın əməkdaşlıq edir. Bu iki xəttin toqquşduğu məqamda Azərbaycan “çətin seçim” təzyiqi ilə üzləşə bilər. Üçtərəfli ittifaqın güclənməsi Cənubi Qafqaza dolayı, lakin hiss olunan təsir yarada bilər. Türkiyənin bölgədəki rolu zəiflədirsə, bu Ermənistan üçün yeni diplomatik imkanlar aça bilər. Avropa İttifaqı da Türkiyəni regionun yeganə əsas tranzit və enerji düyünü kimi görmək istəmədiyindən alternativ siyasi dayaqlar axtara bilər. Bu isə Bakı–Ankara xəttinə dolayı təzyiq formalaşdıra bilər. Digər tərəfdən, İsrailin Yunanıstan və Kipr üzərindən yaratdığı yeni blok İranın Cənubi Qafqazda aktivliyini artırmasına şərait yarada bilər, çünki Tehran bu konfiqurasiyanın həm Türkiyəyə, həm də öz maraqlarına qarşı olduğunu düşünəcək. Azərbaycanın bu proseslərdə atacağı yanlış addım regionda strateji tarazlığı poza bilər. İsrail–Türkiyə xəttində tərəflərdən birinə üstünlük verilməsi Bakı üçün həm təhlükəsizlik, həm də diplomatik cəhətdən risklidir”.
Həmçinin şərhçi vurğulayır ki, Türkiyə ilə münasibətlərin soyuması Azərbaycanın regional güc statusuna ciddi zərbə vura bilər:
“İsraillə əlaqələrin sərtləşməsi isə hərbi texnologiyalar və kəşfiyyat sahəsində ciddi itkiyə səbəb ola bilər. Şərqi Aralıq dənizi məsələlərində emosional tərəfkeşlik Azərbaycanı Yunanıstan və Kipr ilə açıq qarşıdurmaya sala, Avropa İttifaqında əlavə narazılıq yarada bilər. Bu cür yanlış mövqe həm Zəngəzur dəhlizi, həm də Qarabağ sonrası regional memarlığın formalaşmasında Bakının əlini zəiflədir. Şərqi Aralıq dənizində isə bu ittifaq enerji və təhlükəsizlik balansını dəyişmək niyyətindədir. İsrail qazının Avropaya nəqlində Türkiyə marşrutunu arxa plana salmaq, dəniz səlahiyyətləri ilə bağlı Ankara ilə mövcud gərginliyi gücləndirmək və bölgədə NATO daxilində yeni siyasi balans yaratmaq bu üçlüyün əsas məqsədlərindən biridir. Bu, Aralıq dənizində münaqişə risklərini artırır, Türkiyənin tranzit əhəmiyyətini zəiflətməyə yönəlir və bölgədə Fransa, ABŞ kimi aktorların daha aktiv mövqe tutmasına şərait yaradır. Bütün bu mənzərədə Azərbaycanın əsas vəzifəsi emosional reaksiyalardan uzaq, balanslı və prinsipial xətt saxlamaqdır. Qafqazla Aralıq dənizi proseslərini bir-birindən ayırmaq, hər iki tərəflə strateji əməkdaşlığı qorumaq və yaranan yeni bloklaşmanı öz milli maraqlarına uyğun şəkildə neytrallaşdırmaq Bakının ən rasional davranış xətti olacaq".
Günel Əlili
