Ukrayna ABŞ-yə 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib
Zelenski amerikalıların həmişə Ukrayna dronlarına maraq göstərdiyini vurğulayaraq deyib: “Mən heç vaxt eşitməmişəm ki, ABŞ maraqlı deyil. Mən əksini eşitmişəm: ABŞ çox maraqlıdır”.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, İranın çoxsaylı və nisbətən ucuz dronlardan istifadə etməsi ABŞ və İsrailin raket potensialına ciddi yük yaradır və alternativ yanaşmaların axtarılmasını zəruri edir:
"ABŞ hərbi mütəxəssisləri anlayırlar ki, Ukrayna Rusiya ilə müharibə zamanı dronların zərərsizləşdirilməsi sahəsində böyük təcrübə qazanıb. Ukrayna hərbçiləri bəzən yüngül silahlarla dronları havadaca vuraraq zərərsizləşdirə bilir. Bu səbəbdən ABŞ hərbi dairələri, xüsusilə də Pentaqon, Ukrayna ordusunun dronlara qarşı mübarizə metodlarını diqqətlə öyrənir. Hazırkı müharibə şəraitində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsi fonunda dronlara qarşı effektiv mübarizə üsulları onlar üçün də əhəmiyyət kəsb edir. İranın çoxsaylı və nisbətən ucuz dronlardan istifadə etməsi ABŞ və İsrailin raket potensialına ciddi yük yaradır və alternativ yanaşmaların axtarılmasını zəruri edir. İranın istifadə etdiyi dronların qiyməti təxminən 20–40 min dollar civarındadır. Lakin ABŞ bu dronları çox vaxt qanadlı raketlərlə vurur ki, həmin raketlərin qiyməti 1 milyondan 7 milyon dollara qədər dəyişir. Bu isə müharibənin maliyyə yükünü xeyli artırır və nəticədə ABŞ vergi ödəyicilərinin üzərinə əlavə xərc düşür. Buna görə də Vaşinqton xərcləri azaltmaq üçün müxtəlif ölkələrin təcrübəsinə və dəstəyinə maraq göstərir".
Politoloq vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ ilə mümkün razılaşmasının dərin və strateji məzmun daşıyacağı inandırıcı görünmür:
" Zelenski anlayır ki, ABŞ Prezidenti Donald Tramp ona xüsusi rəğbət bəsləmir və Vaşinqton Kiyevi əvvəlki kimi prioritet hesab etmir. Eyni zamanda, Ukrayna ABŞ-nin dəstəyi olmadan istədiyi səviyyədə yardım ala bilməyəcəyini də yaxşı başa düşür. Avropa ölkələrinin imkanları isə məhduddur və onlar artıq ciddi iqtisadi və hərbi yüklərlə üzləşiblər. Bu səbəbdən Ukraynanın əsas dayağı yenə də ABŞ olaraq qalır. Digər tərəfdən, ABŞ dron texnologiyalarına böyük maraq göstərir. Çünki ucuz və effektiv uçuş aparatları həm hərbi əməliyyatlarda qənaətə imkan yaradır, həm də taktiki baxımdan özünü doğruldur. Bununla belə, mövcud addımların ABŞ–Ukrayna münasibətlərini ciddi şəkildə gücləndirəcəyi ehtimalı yüksək deyil. Vaşinqtonda Ukrayna məsələsi əvvəlki administrasiyadan qalan bir yük kimi qiymətləndirilir və Donald Trampın bu məsələyə yanaşması əvvəlki siyasətdən fərqlənir. O, Ukrayna mövzusuna əvvəlki administrasiya qədər maraq göstərmir və gələcəkdə bu məsələyə münasibətdə daha fərqli siyasət yürütməyə çalışa bilər".
Səmayə Səftərova