Ukrayna ordusu Novoekonomiçneni azad edib
Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində əməliyyatlarını davam etdirərək daha bir yaşayış məntəqəsini — Novoekonomiçneni işğaldan azad edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində strateji əhəmiyyət daşıyan mövqelər nəzarətə götürülüb.
Məsələ ilə bağlı politoloq Araz Xan "İnformator.az"a açıqlamasında bildirib ki, Novoekonomiçne kəndi əsas təminat yolunun üzərində yerləşir və bu baxımdan önəmli məntəqədir:
"Amma kəndin azad olunmasının hərbi əməliyyatların gedişatına ciddi təsir etdiyini demək olmaz. Nəzərə almaq lazımdır ki, indi müharibənin dayandırılması ilə bağlı danışıqlar gedir. Müharibə meydanında zəif olan tərəf isə heç vaxt diplomatik masada güclü ola bilməz. Ona görə də hər iki tərəf əməliyyatlarda maksimum uğur əldə etməyə çalışır. Düzdür, Ukrayna ordusu döyüş meydanında daha yaxşı nəticə almağa başlayıb. Bu da Kiyevə dəstək verən dövlətləri hərbi yardımları artırmağa sövq edir. Yəni, Ukrayna müharibəni davam etdirmək əzmində olduğunu nümayiş etdirir, bunun müqabilində isə Qərbin dəstəyinin davam etdirilməsinin vacibliyini göstərməyə çalışır. Əslində Avropa İttifaqı Ukraynaya yardımları davam etdirməyə məcburdur, çünki ukraynalıların həm də onların əvəzindən döyüşdüyünü yaxşı anlayırlar".
Güllər Gülhüseynova