Ukraynanın ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmürük
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna böhranını sülh yolu ilə həll etməyi rədd edib və “Hazırda Ukraynanın ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmürük” deyib.
Putin, paytaxt Moskva’dakı “Gostinıy Dvor” mərkəzində keçirilən illik mətbuat konfransı və vətəndaşların sual verdiyi “İlin Nəticələri” proqramında Ukrayna böhranı və Avropa İttifaqının tədbirləri ilə bağlı açıqlamalar verib.
Vladimir Putin Ukraynanın böhranın həllinə yanaşmasını qiymətləndirərək deyib:
“Hazırda Ukraynanın ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmürük. Kiyev indiyə qədər böhranın sülh yolu ilə həllini rədd edir, lakin hələ də Kiyev hökumətindən dialoqu davam etdirmək üzrə siqnal görürük. Bu məsələni, keçən ilin iyununda açıqladığım prinsiplər əsasında, böhranın əsas səbəbləri aradan qaldırıldıqda sülh yolu ilə sona çatdırmaq istəyirik”.
Cəbhədəki vəziyyətə toxunan Putin strateji təşəbbüsün Rusiya ordusunun əlində olduğunu bildirib:
“Qoşunlarımız Kursk bölgəsini düşməndən təmizlədikdən dərhal sonra strateji təşəbbüs tamamilə Rusiya Silahlı Qüvvələrinin əlinə keçdi. Bu nə deməkdir? Bu, qoşunlarımızın bütün təmas xətti boyunca irəlilədiyi deməkdir. Düşmən bütün istiqamətlərdə geri çəkilir”.
Putin, Donetsk bölgəsindəki vəziyyəti dəyərləndirərək deyib:
“Krasnıy liman şəhəri tezliklə Rusiya ordusunun nəzarətinə keçəcək. Konstantinovka şəhərində döyüşlər davam edir. Bu şəhərin 50 faizi bizim nəzarətimizdədir. Əsgərlərimizin bu şəhəri də ələ keçirəcəyinə heç şübhəm yoxdur. Dimitrov şəhəri də tamamilə mühasirəyə alınıb”.
Rusiya qüvvələrinin Zaporijya bölgəsində də irəlilədiyini bildirən Putin, bölgədə Gulyay Pole şəhərində döyüşlərin davam etdiyini əlavə edib.
TRT XƏBƏR
Lalə Qurbanlı
