00:00:00
Yazar
Aysel Mirzəyeva
20.02.2026 22:43 15 3 dəq oxuma
Sosial Özəl

Universitet məzunlarının iş tapmaq çətinliyi

Universitet məzunlarının iş tapmaq çətinliyi

Ali təhsil almaq uzun illər gənclərin uğurlu karyera qurmasının əsas şərtlərindən biri hesab olunub. Lakin son illər universitet diplomunun əmək bazarında iş tapmaq üçün yetərli olmadığı daha aydın şəkildə hiss olunur. Məzunlar ya ixtisasına uyğun iş tapa bilmir, ya da təcrübə tələb olunduğu üçün seçim mərhələsində kənarda qalırlar. Bu isə həm gənclər arasında motivasiya itkisinə, həm də ixtisaslı kadr potensialının tam istifadə olunmamasına səbəb olur.


Mövzu ilə bağlı “İnformator.az” HR mütəxəssisi və universitet məzununun fikirlərini öyrənib.

 

İş tapmağın çətinliyindən əziyyət çəkən Sevda İbadovanın sözlərinə görə, universiteti bitirdikdən sonra iş tapmağın asan olacağını düşünüb:

 

“Amma elanlarda əsasən iş təcrübəsi tələb olunduğunu görəndə bunun heç də belə olmadığını anladım. Təcrübə qazanmaq üçün iş lazımdır, iş tapmaq üçün isə təcrübə. Bu ziddiyyət məzun kimi ən çox qarşılaşdığım problemdir. İxtisasıma uyğun vakansiya az olur, olanlarda isə ya maaş aşağıdır, ya da əlavə bacarıqlar tələb olunur. Davamlı CV göndərmək, cavab gözləmək və geri dönüş almamaq insanda motivasiya itkisi yaradır. Bu proses mənə göstərdi ki, bu gün təkcə diplom yox, praktiki bacarıqlar və özünü daim inkişaf etdirmək daha vacibdir”.

 

HR mütəxəssisi Sevinc Nəcəfova qeyd edib ki, hazırda əmək bazarında yalnız ali təhsil diplomu işə qəbul üçün kifayət etmir:

 

“Şirkətlər yeni məzunlarda ilk növbədə praktik tətbiq bacarığına diqqət yetirirlər. Yəni namizəd nəzəri biliklərini real iş mühitində nə dərəcədə tətbiq edə bilir. Bununla yanaşı, öyrənmə sürəti və adaptasiya qabiliyyəti xüsusi əhəmiyyət daşıyır. Müasir iş mühiti dinamikdir və dəyişikliklərə tez uyğunlaşa bilən əməkdaşlar daha uğurlu olur. Yeni məzunlarda məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı da əsas seçim meyarları sırasındadır. Şirkətlər artıq yalnız “bilikli” deyil, həm də “tətbiq edə bilən”namizəd axtarırlar. Diplom bir çox hallarda ilkin kvalifikasiya göstəricisi kimi qəbul edilir və müəyyən vəzifələr üçün formal tələbdir. Lakin seçim mərhələsində praktik bacarıqlar daha həlledici rol oynayır. İşəgötürən üçün əsas məsələ namizədin işə başladıqdan sonra hansı nəticəni göstərə biləcəyidir. Sınaq müddətində adaptasiya sürəti, tapşırıqları yerinə yetirmə keyfiyyəti və komanda ilə inteqrasiya səviyyəsi diplomdan daha çox əhəmiyyət kəsb edir. Qısaca desək, diplom imkan yaradır, praktik bacarıq isə həmin imkanı nəticəyə çevirir".


Həmçinin hr mütəxəssisi vurğulayıb ki, məzunların CV-lərində ən çox rast gəlinən çatışmazlıqlardan biri ümumi və şablon ifadələrdir:


" "Məsuliyyətliyəm”, “ünsiyyət bacarığım yüksəkdir” kimi fikirlər konkret nümunə və nəticə ilə əsaslandırılmadıqda işəgötürən üçün kifayət qədər inandırıcı olmur. Digər çatışmazlıq təcrübə hissəsinin zəif təqdim edilməsidir. Halbuki tələbə dövründə iştirak edilən layihələr, könüllülük fəaliyyəti və təcrübə proqramları düzgün təqdim edildikdə ciddi üstünlük yarada bilər. Bundan əlavə, bir çox CV-lərdə müraciət edilən vakansiya ilə uyğunluq aydın göstərilmir. Namizəd konkret olaraq hansı dəyəri qatacağını vurğulamalıdır. Məsələ təkcə məzunların hazırlıq səviyyəsində deyil. Təhsil sistemi ilə əmək bazarı arasında praktik əlaqənin kifayət qədər güclü olmaması bu boşluğu yaradır. Tələbələr təhsil dövründə real iş mühitinə daha erkən inteqrasiya olmalı, karyera planlaması isə son kursa saxlanılmamalıdır. Əmək bazarında uğur üçün yalnız bilik deyil, bacarıq, çeviklik və davamlı inkişaf əsas şərtlərdir”.


Cavahir Əsgərbəyli

#xəbər #tapmaq #məzunlarının #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər