00:00:00
Yazar
Güllər Gülhüseynova
13.11.2026 14:56 74 8 dəq oxuma
Professor Nəsir İmanquliyev dərsləri

Unutma ki, unudulmayasan: Nəsir İmanquliyev xatirələrdə

Unutma ki, unudulmayasan: Nəsir İmanquliyev xatirələrdə

Unutma ki, unudulmayasan...

 

Mənə Nəsir müəllim və bir çox korifey müəllimlərimizi görmək qismət olmayıb. Amma hər fürsətdə onları görən müəllimlərimdən onlar haqqında məlumatlara diqqətli qulaq asır,agah oluram. Gələcək nəsillərə çatdırılmasında iştirak etmək üçün bu bilgilər çox faydalıdır. Unutmamalıyıq ki, unudulmayaq.1875-ci ildən başlayan ənənəvi media məktəbi bu il Nəsir İmanquliyevin 115 illiyi ilə Nəsir İmanquliyev dərsləri mərhələsində layiqincə keçdi. Görkəmli jurnalist Nəsir müəllim cəmiyyətin tələbatını, ehtiyacını ödəmək üçün "Axşam" qəzeti yaratmağa təşəbbüs göstərdi. "Axşam" qəzeti yaradılması zərurəti nə ilə bağlı idi? sualına 1950-ci illərin ortalarında Bakıda azərbaycandilli əhalinin artması ilə əlaqəli operativ məlumat almağa zərurətin olması ilə əlaqələndirir. Həmin dövrdə Azərbaycan Radio Verilişləri Komitəsindəki sədr təyinatından qəzetə görə ayrılıb. Nəticəsində maddi qəliri azalsa da, bu onun sevincinin qarşısını ala bilməyib. Jurnalistikamızın ağsaqqalı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov "Mənəvi təmizlik ölçüsü" adlı məqaləsində Azərbaycan jurnalistikasının korifeyini xatırlayaraq yazır ki, Nəsir İmanquliyev onun üçün həm müəllim, həm də istər müəllimlik, istərsə də elmi fəaliyyətində həmkar olub. Professor Şirməmməd Hüseynov yazır: “1966-cı ildə “Azərnəşr” kafedramızın hazırladığı “Jurnalistika məsələləri” dərs vəsaitini nəşr etdi. Bu kitabın əsas müəlliflərindən biri də Nəsir İmanquliyev idi. “Qəzetdə xəbər” bölməsini Nəsir müəllimlə mən birgə yazmışdıq. Tələbələr indi də bu dərs vəsaitindən istifadə edirlər”. Ş.Hüseynov Nəsir müəllimin jurnalist kadrlarının bir neçə nəslinin müəllimi olmasını vurğulayaraq qeyd edir ki, jurnalistika fakültəsində işgüzar ab-havanın, orada hökm sürən tələbkarlıq, ədalət, nəciblik və səmimiyyətin əsasını məhz Nəsir İmanquliyev kimi pedaqoqlar qoyublar.

 

1980-ci illərin əvvəlində jurnalistikada ilk addımlarını atan bir müxbir kimi, bu sətirlərin müəllifinə müasir jurnalistikanın klassiki Nəsir İmanquliyevin mühazirələrini dinləməklə bərabər, onunla bir binada işləmək xoşbəxtliyi nəsib olub. O vaxt əksər qəzet və jurnalların redaksiyaları həmin binada yerləşirdi. Mən “Vışka” qəzetində işləyirdim, mənimlə bir kursda oxuyan rəfiqəm isə “Baku” qəzetinin əməkdaşı idi. Tez-tez onların redaksiyasına baş çəkirdim. Bu redaksiyanın iş ritmi məni həmişə heyran edirdi - kollektiv şövqlə, operativ və dinamik çalışırdı. Qəzeti səhifələnməyə və çapa vaxtında təqdim etmək lazım idi ki, axşam oxucular onu alıb cari günə aid xəbərləri öyrənsinlər. Hesab edirdim ki, Nəsir müəllim çox tələbkar və bir qədər sərt adamdır. O vaxt redaksiyada işləyən gənc jurnalistlər isə deyirdilər ki, Nəsir müəllimin zahiri sərtliyinə baxmayaraq, öz kollektivinin üzvlərinə, xüsusən gənc kadrlara münasibətdə ata kimi xeyirxah və qayğıkeşdir, onlara etimad göstərir və kömək edir, lakin, eyni zamanda, tələbkardır, hərçənd, özünə qarşı daha artıq dərəcədə tələbkar idi.

 

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir.

Odur ki, nə böyük, nə də ki kiçik rollar olur.

Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”.

 

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 

Mehriban xanımın bu sözləri Nəsir müəllimi izah etmək üçün ən yaxşı vasitələrdəndir. Həqiqətən də hər kəs öz yolunu özü seçir və tarixdə bir rolu olur. Nəsir müəllimin rolu da faydalı olmaqdan keçib. İstər auditoriyada istərsə də, mətbuatda tək və ən böyük istəyi gənclərə dəstək olub,onları ağ günə çıxarmaq olub.

 

Müasirləri Nəsir İmanquliyevi “mətbuatın patriarxı” adlandırırdılar. Gənc yazarlara xüsusi diqqət və qayğıyla yanaşan görkəmli jurnalist XX əsr Azərbaycan ədəbiyyatına əvəzsiz töhfələr vermişdir.

 

Xalq yazıçısı Anar Nəsir müəllim haqqında xatirələrində qeyd edir ki, bir gün onlar iş əsnasında qarşılaşmış, gözünə qəmgin görünmüşdür. Səbəbini soruşduqda evində yanğın baş verdiyinin və əsərlərinin də orada külə dönməsindən pərişan olduğunu demişdi. Onun üçün ən qiymətli miras yaradıcılığı və əsərləri idi. 

 

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “N.Ə.İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Yenə həmin ildə Ömər Eldarovun müəllifliyi ilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetində xatirə lövhəsinin açılışı olmuşdur.

 

 

2011-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.

 

2026-cı il Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin müvafiq görüşləri keçirilib. Müasirləri Nəsir müəllim haqqında və media məsələləri haqqında tələbələri məlumatlandırıblar.

 

“Nəsir müəllim təkcə peşəkar jurnalist deyil, həm də böyük bir jurnalistika məktəbi yaradan ustad idi. Vaxtilə onu daha yüksək vəzifələrə dəvət etsələr də, o, rahat kabineti deyil, çətin yolu seçərək “Bakı” qəzetini təsis etdi.Ondan sonra qəzet əvvəlki kimi olmadı”.

 

Bu sözləri layihənin qonaqlarından olan   Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı  professor Nəsir İmanquliyevin ustadlıq məktəbi haqqında bildirib.

 

Layihənin ilk qonağı əməkdar jurnalist, yazıçı-publisist, Zemfira Məhərrəmli idi. Zemfira xanımla bizi bağlayan bir çox şeylər var. Məsələn, Zemfira xanım C. Cabbarlı adına 187 nömrəli məktəbi bitirib və yolu oradan Jurnalistika fakültəsinə çıxıb. Eyni tarix mənim üçün də təkrarlanıb. Mənim də yolum o məktəbdən jurnalistika fakültəsinə başlayıb və hələ də davam edir. Zemfira xanımın jurnalistikaya ilk addımlarında Nəsir İmanquliyev izi var. Zemfira xanım Nəsir müəllimdən danışanda bildirir ki, Nəsir müəllim deyirdi ki, hər gün mütləq nə isə yazın: "Dostunuza məktub yazın, bir xəbər yazın, bir məqalə yazın. Əliniz yazıya öyrəşməlidir". Və sevimli sinifkomunu müsahibələrə göndərən korifey Nəsir İmanquliyev Zemfira Məhərrəmli imzasının jurnalistikaya  ilk addımlarını atmasına  töhfə oldu. Daha sonra təyinatı "AzTV"yə olan Zemfira Məhərrəmlinin təyinatını “Bakı” qəzetinə dəyişdirən Nəsir müəllim 25 illik Zemfira Məhərrəmli və "Bakı" qəzeti tarixini başladır.

 

Bunlar qonaqlardan eşitdiklərimdir. İndi isə müəllimimdən eşitdiyimi sizinlə bölüşüm. Bizim bir müəllimimiz var Akif Rüstəmov. Sakit təbiətli,ancaq böyük ürəkli adamdır. Nəsir müəllimlə bağlı layihəmizin açılış mərasimində ona söz veriləndə necə kövrəldiyinə özüm şahidəm. Bu hadisəni  Nəsir müəllimi xatırlayanda hər dəfə danışır. 

 

Deməli, 1990-cı illərin əvvəllərində BDU-nun o vaxtkı rektoru (indi haqq dünyasındadır) jurnalistika fakültəsinin dekanı Akif Rüstəmovu çağırıb deyir ki, "təqdimat yaz, Nəsir İmanquliyevi işdən çıxardaq”. Akif Rüstəmov cavab verir ki, "mən belə iş tuta bilmərəm. O mənim müəllimim olub”. Rektorsa - get, yaz, gətir - deyə təkid edir. Bir neçə gündən sonra rektor Akif müəllimi çağırıb - təqdimat nə oldu? -deyə şoruşur. Dekan yenə də "o, mənim müəllimim olub”- deyə yazmadığını bildirir. Rektor əsəbiləşib daha inadla təqdimat tələb edir...

 

Aradan bir həftə də keçir. Rektor yenə Akif müəllimi kabinetinə çağırır. O qapıda görünən kimi – yazmısan?- deyə soruşur. Bu dəfə Akif Rüstəmov – hə, yazmışam –deyərək özünün işdən azad olunması üçün yazdığı ərizəni rektorun qarşısına qoyur. Rektor ərizəyə baxdıqdan sonra:

 

- Bu nə oyundu çıxarırsan? Qoca kişidir, qoy getsin, otursun evində. Axı o, sənin nəyinə lazımdır? - deyib özündən çıxır.

 

Akif Rüstəmov yenə də sakitcə "o, mənim müəllimim olub” deyərək kabinetdən çıxır...

 

Bu arada Nəsir İmanquliyev özü də Akif müəllimə -"hər şey mənim başımdadır. Sənlik nə var ki, yaz təqdimatı, bu iş bitsin”- deyir...

 

Sonlar daha bir neçə dəfə rektor təqdimatı xatırladıb gözlədiyini desə də Akif Rüstəmov yazmır ki, yazmır...

 

1993-cü ildə, ölkədə vəziyyət dəyişir. Universitetin yeni rəhbərliyi bir vaxtlar "Bakı” və "Baku” qəzetlərinin yaradıcısı və ilk redaktoru olmuş, 1947-ci ildən BDU-da pedoqoji fəaliyyətlə məşğul olan bu qocaman müəllimin əməyini qiymətləndirir. Nəsir İmanquliyev BDU-nun professoru olur. Jurnalistika sahəsindəki xidmətlərinə görə haqqında sənədli filim çəkilir...

 

Və bir gün keçmiş rektorla dekan BDU-nun pilləkənlərində rastlaşırlar. Keçmiş rektor dekana:

 

-Akif, demək sən bu günü görürdün?

 

Dekan keçmiş rektora:

 

-Əşşi, nə bu gün ey. Dedim axı, o, mənim müəllimim olub !

 

(Qeyd edim ki, bu hadisəni öz qulaqlarımla eşitsəm də yazıya alanda dəqiqləşdirmək üçün  İlqar Rəsulun "O, mənim müəllimim olub..." başlıqlı yazısına istinad elədim).

 

Bu hadisəni Akif Rüstəmovdan eşitmişəm. Ancaq layihənin qonağlarından olan İlqar Rəsulun da Nəsir İmanquliyevlə bağlı maraqlı xatirələri var. İlqar Rəsul yazır ki, bir gün fakültənin dekanı Akif Rüstəmov onu çağırıb deyib ki, gəl ikimiz bir savab iş görək. Deyib ki, nə məsələdir?

 

Dedi "Nəsir müəllim xəstələnib, bir müddət işə gələ bilməyəcək. Mən onun dərslərini deyim, sənsə maaşını aparıb özünə çatdır”..

 

Beləcə, hər ayın axırı mən hündür boylu, enli kürəkli, zarafatından qalmayan Nəsir müəllimin evinə getməli oldum. İlk dəfə məni qapıda görəndə güldü. Dedi ki, əgər Akif müəllim bu işi sənə tapşırıbsa, deməli etibar edir....

 

Akif Rüstəmovun ona qarşı niyə belə həssas davranmasının səbəbini soruşdum. Nəsir İmanquliyevin gözlərində istehzalı bir kədər peyda olub itdi. Gülümsünüb: –Akif dəyərli adamdı, Allah onun canını sağ eləsin! – deyərək danışmağa başladı...

 

Nəsir müəllimi hamı yaxşı tanıyıb,yaxşı da danışır. 

 

Xalq şairi Zəlimxan Yaqub N.İmanquliyevi “əsl mənəviyyat adamı” adlandırıb: “Nəsir müəllim özünün cazibə mərkəzi olan insanlardandı. Xalqımızın gözəl bir sözü var: Köhnə kişi! Bu ikicə kəlmədə əsl Azərbaycan kişisinin bütün üstün keyfiyyətləri toplanıb. Nəsir İmanquliyev də məhz həmin o köhnə kişilərdən idi. Xoşbəxtəm ki, mənə onunla görüşmək, onu dinləmək nəsib olub”. Z.Yaqub N. İmanquliyevin vətəndaş qeyrətli bir ziyalı olmasını çıxışında xüsusi vurğulayıb: “Hamının “Oxuma tar” dediyi bir vaxtda Nəsir İmanquliyev “Oxu tar” adlı müsabiqə təşkil etmişdi. İndi onun davamçısı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da muğam sənətinin inkişafı üçün əlindən gələni əsirgəmir. Bu da “Ot kökü üstündə bitər” məsəlini doğruldan məqamlardandır”.

 

Nəsir İmanquliyevin tələbələrin dostu, nəcib insan, dəyərli professor və əsl jurnalist kimi milli jurnalistikamızda unudulmaz iz qoyduğunu deyən Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə onun məktəbinin yetirmələrini “xoşbəxt” adlandırıb: “Nəsir müəllim sovet dövrünün bütün qadağalarına baxmayaraq, tələbə jurnalistlərə milli mətbuatımızı aşılayır, kimliyimizi unutdurmurdu. O, daim tələbələrin yanında idi, onları ürəkləndirir, seçdikləri peşəyə, işə həvəsləndirirdi. “Bakı” və “Baku” qəzetləri tələbə yaradıcılıq emalatxanası kimi fakültə tələbələrinin ilk iş yerinə çevrilmişdi”.

 

Nəsir İmanquliyevin qoyduğu peşəkarlıq izi ilə gedənlərin heç zaman büdrəmədiyini deyən Flora Xəlilzadə bugünkü publisistikamızda hələ də onun izlərinin yaşadığını qeyd edib: “Müasir publisistikada da hər şey ənənəviliyə dayanmalıdır. Bünövrəsiz bina tikilmədiyi kimi, ənənələrimizi tərk edərək müasirliyə qaça bilmərik. Amma yenilikdən də geri qalmamalıyıq. Əsl jurnalist bu balansı qorumalıdır”.

 

Nəsir İmanquliyevlə bağlı çox publisistlərin,jurnalistlərin xatirəsi var. Hamısını bura yazmaq mümkünsüzdür. Ancaq yazımı bu cümləmi elə başladığım cümlə ilə də bitirmək istəyirəm ...Doğrudur ,o mənim müəllimim olmayıb. Amma Akif Rüstəmov demiş, o həm də mənim müəllimim olub. Bu gün onun tələbələri,tələbələrinin tələbələri mənim müəllimlərimdir. Akif Rüstəmovun başına gələn hadisədən hamımız üçün ola bilər. Onda cəmi bir şey deməliyik : " O mənim müəllimimdir".

 

Qısası, "Unutma ki, unudulmayasan".

 

Nigar Həsənzadə

 

#baki #yeni #nəsir #i̇manquliyev #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər