Uşakov: Putin və Tramp Ukrayna münaqişəsini və ikitərəfli münasibətləri müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, düşünmürəm ki, Putinlə Trampın görüşü Ukrayna məsələsində hər hansı dəyişikliyə gətirib çıxaracaq:
“Putin birmənalı şəkildə öz inadkar mövqeyindən əl çəkməyəcəyini bəyan edir və bunu nümayiş etdirir. Bütün danışıqlarda, bütün çıxışlarında bu mövqeyini qoruyur. Belə bir şəraitdə, əlbəttə ki, Trampla görüşündə nəyinsə dəyişəcəyini şəxsən mən mümkün hesab etmirəm və bunu proqnozlaşdıra bilmirəm. Ümumilikdə, Ukrayna müharibəsi ilə bağlı nəyinsə dəyişəcəyini gözləməyə tələsməyək. Bu görüşü yeni mərhələyə doğru atılmış addım kimi dəyərləndirmək düzgün olmazdı.
İkitərəfli münasibətlərin müzakirəsinə gəlincə, ABŞ və Rusiya münasibətlərində də hər hansı yenilik gözləməyin tərəfdarı deyiləm. Çünki Amerika Birləşmiş Ştatlarında, xüsusilə də demokratların aralıq seçkilərdə qalib gəlməsi vəziyyəti xeyli dəyişib. Bu, həm də Putinin əleyhinə olan bir dəyişiklikdir”.
Siyasi şərhçinin sözlərinə görə, söhbət Ukrayna müharibəsindən gedirsə, Ukraynanın özünün iştirak etmədiyi danışıqlar masasında hər hansı qəti qərarın verilməsi mümkün deyil:
“Hətta Rusiya ilə Amerika Birləşmiş Ştatları hansısa məsələdə ortaq mövqeyə gəlsələr, razılığa nail olsalar belə, Ukraynanın öz mövqeyi var. Bu mövqe nəzərə alınmadan, Ukrayna ilə müzakirələr aparılmadan hər hansı qərarın qəbul edilməsi mümkün deyil.
Ukraynanın iştirak etmədiyi bu formatda keçirilən görüşlər nəticə etibarilə Rusiya-Ukrayna müharibəsinin səngiməsinə, hətta dayandırılmasına töhfə verə bilməz”.
Selcan Xudiyeva