Uşaqlarda xərçəngin əlamətləri niyə gözdən qaçır?
Uşaqlarda xərçəngin ilkin əlamətləri adi yorğunluq, allergiya və ya səbəbi bilinməyən göyərmələrlə qarışdırıla bilər. Böyük Britaniyada hər il 0-14 yaş arası təxminən 1900 uşağa xərçəng diaqnozu qoyulur. Bununla belə, valideynlərin üçdə birindən də az hissəsi xəstəliyin əlamətlərini tanımaqda özünü əmin hiss edir.
13 yaşlı Amelia Kerrollun hekayəsi erkən diaqnozun əhəmiyyətini göstərir. Qız əvvəlcə tez yorulur və yüngül fiziki fəaliyyətdən sonra nəfəs almaqda çətinlik çəkirdi. Ailəsi bu əlamətləri adi yorğunluq hesab etsə də, sonradan yaranan ağrılı göyərmələr narahatlıq yaradıb. Cəmi 10 gün ərzində Ameliaya kəskin mieloid leykoz diaqnozu qoyulub. Hazırda remissiya mərhələsində olan qız müntəzəm müayinələrdən keçir və məktəbə qayıdıb.
Uşaq onkoloqu, professor Bob Fillips valideynləri uzun müddət davam edən və ya getdikcə ağırlaşan əlamətlərə diqqət yetirməyə çağırır. Həddindən artıq yorğunluq, dərinin solğunlaşması, səbəbi bilinməyən göyərmələr, eləcə də böyüyən və keçməyən şişkinliklər həkim müayinəsi tələb edə bilər.
Mütəxəssislər diaqnozun gecikməməsi üçün “üç qaydası”na da diqqət çəkirlər: üç davamlı simptom, həkimə üç müraciət və ya üç həftə davam edən səbəbi bilinməyən əlamətlər əlavə müayinə və mütəxəssisə yönləndirmə ehtiyacını gündəmə gətirməlidir.
Xərçənglə mübarizənin digər ağrılı nümunəsi isə 13 yaşında yumşaq toxuma xərçəngindən vəfat edən Ceyk Svinskou olub. Onun burun tutulması və göz yaşarması əvvəlcə allergiya, yorğunluğu isə dərs ilinin sonu ilə əlaqələndirilmişdi. Sonradan burnunda şiş aşkarlanıb və xərçəng diaqnozu təsdiqlənib. Anası hazırda oğlunun hekayəsini paylaşaraq xəstəlik barədə məlumatlılığı artırmağa çalışır.
Böyük Britaniyada uşaqlarda xərçəng üzrə sağqalma göstəricisi 80 faizdən çoxdur. Mütəxəssislər hesab edirlər ki, erkən diaqnoz yalnız sağqalma imkanlarını deyil, müalicənin daha az intensiv aparılması ehtimalını da artıra bilər.
Gülnar Mustafayeva