Velosiped zolağı var, amma istifadə olunmur: təhlükə haradan başlayır?
Şəhərlərdə velosiped zolaqları təhlükəsiz hərəkət üçün nəzərdə tutulsa da, reallıq bəzən fərqlidir. Bəzi velosiped istifadəçiləri bu zolaqlardan istifadə etmir, avtomobil yoluna və ya piyadaların keçidinə çıxaraq həm özlərini, həm də başqalarını riskə atırlar. Bəs problem haradadır - qayda pozan istifadəçilərdə, yoxsa infrastrukturun yetərsizliyində?
Mövzu ilə bağlı “İnformator.az” sürücü Jalə Məmmədovanın rəyini alıb:
“Şəhərdə velosiped zolaqları var, amma çox vaxt boş qalır. Velosiped istifadəçiləri birdən-birə maşın yoluna çıxanda qəza riski artır, çünki bu gözlənilməzdir. Bəzən isə səkidə sürürlər, bu da piyadalar üçün təhlükə yaradır. Məncə, problem təkcə istifadəçilərdə deyil - bəzi zolaqlar ya düzgün çəkilməyib, ya da davamlı deyil. Amma qaydalara əməl etmək də mütləqdir.”
Piyada Cavahir Əsgərbəyli bildirib ki, səkidə rahat gəzmək istəyirsən, amma velosiped birdən arxadan gəlir, xəbərin olmur:
“Bu, xüsusilə yaşlılar və uşaqlar üçün çox təhlükəlidir. Velosiped zolağı varsa, istifadə olunmalıdır. Əgər istifadə olunmursa, deməli ya rahat deyil, ya da insanlar buna öyrəşməyib. Burada həm şərait, həm də mədəniyyət məsələsi var”.
Eyni zamanda nəqliyyat eksperti Adil Nəbiyev də fikirlərini bizimlə bölüşüb:
“Velosiped zolağının mövcud olması avtomatik olaraq təhlükəsizlik demək deyil - təhlükə çox vaxt məhz “var, amma işləmir” nöqtəsində başlayır. Əsas problem ondadır ki, bir çox şəhərlərdə zolaqlar formal şəkildə çəkilir, lakin onların davamlılığı, təhlükəsizliyi və rahatlığı təmin olunmur: zolaq qəfil bitir, avtomobillər vasitəsilə zəbt olunur və ya qapı açılması riski olan hissələrdən keçir. Belə vəziyyətdə velosipedçi instinktiv olaraq daha təhlükəsiz hesab etdiyi ümumi yol hissəsinə və ya səkilərə çıxır ki, bu da artıq sistem səhvinin nəticəsidir, çünki insan qaydanı deyil, təhlükəsizliyini seçir. Digər tərəfdən, bəzi hallarda infrastruktur mövcud olsa belə istifadə edilməməsi davranış və vərdişlərlə bağlı olur - yol mədəniyyəti formalaşmayanda hər kəs özünü qaydaların bir hissəsi kimi deyil, müstəqil hərəkət edən tərəf kimi aparır və bu da xaos yaradır. Səkidə hərəkət edən velosipedçilər isə xüsusilə risklidir, çünki səki piyadalar üçün nəzərdə tutulub və burada sürət fərqi qəfil toqquşmalara səbəb olur; uşaqlar, yaşlılar və diqqətsiz piyadalar velosiped üçün gözlənilməz maneəyə çevrilir və nəticədə həm xəsarət riski artır, həm də piyadaların təhlükəsizlik hissi azalır. Yekunda problem nə təkcə qayda pozuntusudur, nə də yalnız infrastruktur məsələsidir - bu, keyfiyyətsiz və ya yarımçıq infrastruktur, zəif yol mədəniyyəti və nəzarətin yetərsizliyinin kəsişdiyi nöqtədə yaranan kompleks problemdir və bu amillər birlikdə olduqda velosiped zolağı kağız üzərində qalaraq real həyatda təhlükə mənbəyinə çevrilir”.
Banuçiçək Məmmədova