Hərbi xidmətdən boyun qaçıranları hansı cəza gözləyir?
Hərbi xidmət hər bir vətəndaşın dövlət qarşısında daşıdığı ən mühüm vəzifələrdən biridir. Bu vəzifə yalnız qanuni öhdəlik deyil, eyni zamanda ölkənin təhlükəsizliyinə və sabitliyinə verilən töhfədir. Lakin bəzi hallarda vətəndaşlar müxtəlif səbəblərlə bu borcu yerinə yetirməkdən yayınmağa çalışırlar ki, bu da qanunvericilikdə ciddi hüquqi nəticələr doğurur. Bəs hərbi xidmətdən boyun qaçırma nədir və buna görə hansı məsuliyyət nəzərdə tutulur?
Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, hərbi xidmətdən yayınma hallarında məsuliyyətin ağırlığı konkret şəraitdən asılı olaraq dəyişir:
“Hərbi xidmətdən boyun qaçırma vətəndaşın hərbi xidmətə və ya hərbi toplanışa çağırıldığı zaman tibbi müayinədən keçməkdən imtina etməsi və ya bu öhdəliklərdən hər hansı birini yerinə yetirməməsi, kimi hallar hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsi hərbi xidmət keçməkdən boyun qaçırma kimi müəyyən edilir. Həmin maddənin birinci bəndinə əsasən, dinc dövrdə hərbi xidmət keçməkdən boyun qaçırma cinayət əməli hesab olunur və bu əmələ görə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”.
Hüquqşünas əlavə edib ki, eyni əməl müharibə şəraitində törədildikdə daha ağır cinayət hesab olunur və cəza müddəti müvafiq olaraq artırılır:
“Eyni əməl müharibə dövründə baş verdikdə daha ağır cinayət kimi qiymətləndirilir və bu halda üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”.
Zəri Bayramlı