XİN başçısı: Suriya ölkənin təhlükəsizliyinə olan təhdidlərə qarşı durur
Suriyanın inkişaf gedişatına mane olmaq və ya ölkədə onun təhlükəsizliyini sarsıtmaq üçün edilən hər hansı cəhdlər onun həm regionda, həm də dünyada rolunun bərpasına təsir göstərməyəcək.
“İnformator.az” xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Suriyaya dəstək regionda sabitliyə dəstək deməkdir, artan beynəlxalq tərəfdaşlıqlar isə təsdiqləyir ki, izolyasiya dövrü keçmişdə qalıb, gələcək isə əməkdaşlıq, inkişaf və ümumi maraqlar üzərində qurulur. Suriya dövləti öz vətəndaşlarını qorumağa, öz təhlükəsizliyini və sabitliyini təmin etməyə, həmçinin terrorizmin bütün formalarına qarşı mübarizə aparmağa davam edir", - o qeyd edib.
Əş-Şeybani qeyd edib ki, müvafiq orqanlar bütün insidentləri izləyir və ölkənin təhlükəsizliyinə təhdid yaradan hər hansı təşkilatı və ya şəxsi məsuliyyətə cəlb edəcək.
O həmçinin vurğulayıb ki, Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfəri tarixi addımdır və ikitərəfli münasibətlərin inkişafında dönüş nöqtəsi olacaq.
Qeyd edək ki, bu gün Dəməşqdə Suriyada səfərdə olan Fransa prezidentinin qaldığı "Four Seasons" otelinin yaxınlığında iki partlayış baş verib. Suriyanın Daxili İşlər Nazirliyi partlayışlar nəticəsində 18 nəfərin xəsarət aldığını bildirib. Daha sonra Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuşun da xəsarət aldığı məlum olub.