00:00:00
Yazar
Admin User
15.07.2023 17:14 262 2 dəq oxuma
Sosial

Xocahəsəni potensial yanğın mənbəyinə çevirən problem

Xocahəsəni potensial yanğın mənbəyinə çevirən problem

Bir müddət əvvəl metronun Xocahəsən stansiyası istifadəyə verildi. Ona görə də ərazinin bir hissəsi təmizləndi, abatlaşdırıldı.

Bəs, görülən bu işlər illərdir tullantılar içərisində itib-batan Xocahəsənin ağ günə çıxmasına kifayət etdimi? Təbii ki, xeyr.

Hazırda metrostansiyanı Qaradağ rayonuna doğru bir addım keçmək kifayət edir ki, dəhşət saçan mənzərə ilə qarşılaşasan. Amma iddialara görə, yaxın günlərdə ərazidə güclü təmizlik işlərinə start veriləcək. 

Sonuncu dəfə baş verən yanğın hadisəsi göstərdi ki, Xocahəsən potensial yanğın mənbəyidir. Çünki ərazi məişət tullantıları, işlənmiş şinlər və yanğına həssas olan materiallarla kifayət qədər çirkləndirilib. Hazırda da təhlükəli proses davam edir. Ən böyük təhlükə isə meyvə-tərəvəzin daşınması üçün nəzərdə tutulan taxta və plastik yeşiklərin kompak şəkildə istismara hazırlanmasıdır. Kimi yaşadığı evin həyətində, kimi yol kənarı obyektin qarşısında, kimi də yük maşınlarının əhatəsində bu işi görür.

Özü də heç bir təhlükəsizlik tədbiri görmədən.
Ehtiyat tədbirləri qısa zaman içərisində sürətlə yayılan alovu söndürməyə kifayət etməyə bilər.

Necə ki, sonuncu dəfə baş verən hadisənin qarşısını yanğınsöndürənlər 6 texnika və 30-dan çox canlı qüvvə ilə bir saata ala bildi. Çünki ərazidəki tullantılar və materiallar yanğına olduqca həssasdır. Ona görə də “təhlükəsizlik tədbirləri başqa formada görülməlidir”- deyir, mütəxəssislər. Məsələn, ərazidəki taxta və plastik yeşik istehsalı yaşayış yerindən kənarlaşdırılmalıdır. Xocahəsən bələdiyyəsinin iqtisadi inkişaf daimi komitəsinin sədri Məhərrəm Əsgərovun sözlərinə görə, problem bələdiyyəni də narahat edir. Məhərrəm Əsgərov deyir ki, orda bir çox insan çörək pulu qazanır, onların işini ləğv etmək olmaz. Bələdiyyə əlindən gələni edir ki, həmin insanlar yol kənarından aralıda işlərini davam etdirsinlər.
Uyğun yer nə zaman və hansı ünvanda ayrılacaq, bilinmir. Məlum olan isə odur ki, ərazi olduqca risqli zonadır. Bu risqi aradan qaldırmağın yeganə yolu səliqə-səhmandan irəli gəlir. Səliqəni yaradanlar, yəqin ki, gec olmadan hərəkətə keçəcəklər.

GÜNDÜZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər