Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı ilhaqı siyasətinin ağır nəticəsi kimi
Məqalədə Xocalı faciəsinə gətirib çıxaran hadisələr araşdırılmış, Xocalı faciəsinin səbəbləri və nəticələri təhlil edilmişdir. 1991 – ci ilin noyabrında Moskva yaxınlığında, Novo – Oqoryovada 7 dövlət başçısının görüşündə və dekabrin 8 – də isə Minsk yaxınlığında Belovejskaya Puşadakı Rusiya, Ukrayna və Belorus dövlət başçılarının görüşlərindən sonra, Müstəqil Dövlətlər Birliyinin yaradılması, SSRİ – nin hüqüqi subyekt kimi mövcudluğuna son qoyulması, ölkədaxili yeni ziddiyyətlərin yaranmasına gətirib çıxartdı. SSRİ – nin süqutundan sonra bütün sovet respublikalaraı kimi Azərbaycan da suverenlik əldə etdi. Lakin, Rusiya keçmiş sovet respublikalarında öz nüfuzunu saxlamaq və ilk növbədə bu respublikalarda özünün geostrateji maraqlarını təmin etmək istəyirdi. Buna görə də Müstəqil Dövlətlər Birliyi Rusiyanın təşəbbüsü ilə yaradılması, respublikaların könüllü surətdə MDB – yə daxil olmaq təklifi Azərbaycanda müxalifət tərəfindən bəyənilmədi. Siyasi müstəqillik tapmış Azərbaycanın MDB – yə daxil olmasını müxalifət yenidən Moskvadan növbəti asılılıq kimi qəbul etdi. Öz növbəsində iqtidar Azərbaycanın MDB – yə daxil olmağının tərəfdarı idi, çünki qondarma Dağlıq Qarabağ probleminin Moskvanın köməyilə həll ediləcəyinə ümid bəsləyirdi. Məhz Azərbaycanın MDB – yə daxil olması ilə ortaya çıxan məsələ növbəti iqtidar – müxalifət qarşıdurması yaratdı. Bu məsələ üzrə də müxalifətlə iqtidar arasında vahid fikir formalaşması mümkün olmadı.
Fikrimizcə,bu dövrdə Azərbaycanın MDB – yə daxil olmağı ilk növbədə ona görə lazım idi ki, o dövrdə beynəlxalq vəziyyət bunu tələb edirdi. MDB – yə daxil olmaqla Azərbaycan dünya siyasətində mühüm addım atmış – diplomatik təzyiq vasitəsi əldə etmiş olardı. Məhz 1993 – cü ildə hakimiyyətə gələn H.Əliyev Azərbaycanın MDB – yə girmək zərurətini bir daha təsdiq etdi və 1993 – cü ildə Azərbaycan bu təşkilata daxil oldu. Nəzərə alsaq ki, MDB – yə üzvlüklə Azərbaycan müstəqil xarici siyasət yeritmək hüququnu itirməyəcəkdi, əksinə Rusiya əleyhinə olan Qərb dövlətlərində daha tez maraq yarada bilərdi. Rusiya ilə rəqabət aparan Qərbin Azərbaydakı iqtisadi, siyasi geostrateji maraqları onu vadar edəcəkdi ki, MDB – yə daxil olan Azərbaycanla əməli real münasibətlər yaratsın və Azərbaycanda nüfuz dairəsi əldə etsin. Beləliklə, Azərbaycan bu dövrdə Azərbaycan – Qərb ölkələri – ABŞ – Şərq ölkələri – MDB ilə fəal xarici siyasət qurmalı idi. Fikrimizcə, tarazlaşdırılmış xarici siyasət Azərbayna Dağlıq Qarabağ problemini həll etməyə təkan verə bilərdi. Təəsüf ki, bu dövrdə ölkə prezidentinin qətiyyətsizliyi, müxalifətin həddən artıq radikal mövqe tutmağı Qarabağ düyününü bir az da bərkitdi.
1991 – ci il dekabrın 21 – də Alma – Atada müstəqillik əldə etmiş 11 dövlət Belovejsk sazişinə qoşuldu [4, dekabr 1991 – ci il,№50]. Bu görüşdə Ermənistan millətlərarası münaqişələrin baş verdiyi respublikaların, həmçinin Azərbaycanın MDB – yə daxil olmasına qarşı çıxdı. Lakin bütün maneələrə baxmayaraq, Azərbaycan nümayəndəliyi səlahiyyətli nümayəndə kimi işləmək hüququ əldə etdi və sonda Alma – Ata bəyannaməsi qəbul edildi. Təəsüf ki, Azərbaycan parlamenti bu sazişi təsdiq etmədi. Parlamentin mövqeyi mövcud şəraitdə Azərbaycanın mənafeinə zərbə vururdu. Ölkə prezidentinin qətiyyətsizliyi ucbatından müxalifətin səhv addımlarının, siyasi korluğunun qarşısı alınmadı. Hakimiyyətdə nəyin bahasına olursa olsun qalmaq iddiası düzgün xarici və daxili siyasət yeritməyə mane oldu.
Alma – Ata görüşündə iştrakçılar bir – birinin ərazi bütövliyinə, mövcud sərhədlərin toxunulmazlığına hörmət etmək haqqında razılığa gəlmişdilər. Həmçinin strateji təyinatlı silahlar istisna olmaqla, keçmiş SSRİ – nin Silahlı Qüvvələrinin əmlaklarının respublikaların sərəncamına keçirilməsi haqqında qərar qəbul olundu.Bu dövrdə Azərbaycanın MDB – yə daxil olması ona digər türkdilli respublikalarla daha da yaxınlaşmağa imkan verər, ümumiyyətlə iqtisadi əlaqələri möhkəmlətməyə kömək edərdi. Azərbaycandan fərqli olaraq MDB – yə bu dövrdə daxil olan Ermənistan Rusiyanın və MDB – nin timsalında özünə dayaq və hami tapdı. Həmçinin Rusiya da Azərbaycanda öz maraqlarını saxlamaq naminə Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər etməyə başladı. Beləliklə 1991 – ci ilin sonunda baş verən hadisələr Ermənistanın gələcək işğalları üçün zəmin yaratdı.
1991 – ci il dekabr ayında ermənilər Dağlıq Qarabağ ərazisində yerləşən sovet hərbi hissələrindəki döyüş texnikasını ələ keçirirlər. Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın (O,Dağlıq Qarabağdakı erməni hərbi hissələrinin komandirlərindən biri olmuşdur) sözləri fikrimizi təsdiqləyir. O, bütün silahların ermənilərin əlində qaldığını və ermənilərin silahları sovet hərbiçiləri tərəfindən çıxartmağa imkan vermədiklərini qeyd edir və bunun çox ciddi olduğunu deyirdi [3, s.131-132]. 1991 – ci il dekabrın 22 – i erməni hərbi dəstələri Stepanakertdə yerləşən SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının 4 polkunun silah və sursatlarını ələ keçirərək rus əsgərlərinin Qarabağı silahsız tərk etmələrini tələb etmişlər.Lakin çox güman ki, bu hadisə Rusiya və ermənilər arasında gizli razılaşmanın nəticəsi idi [3, s.131-132]. Azərbaycanda yerləşmiş IV ordunun 23 – cü Gəncə diviziyasının tərkibində olan 366 motoatıcı alay da bu dövrdə Stepanakertdə yerləşmişdi. Bu alay 1985 – ci ildən Dağlıq Qarabağda idi [1, f. 2941, siy. 1 , iş 144, 304 s., s. 167 – 238]. Alayda xidmət edən zabit və gizirlərin 50 – si erməni idi [1, f. 2941, siy. 1 , iş 144, 304 s., s. 167 – 238].
Hələ 1991 – ci il dekabrın 17 – də Xocalı icra hakimiyyətinin başçısı E.Məmmədov prezident A.Mütəllibova teleqram vuraraq bildirmişdi ki, sizə məlumat verməyi borc bilirəm ki, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan hissəsi ermənilər və hərbçilərin birgə hücumları nəticəsində işğal olunur. O, Xocalıya güclü hücüm hazirlandığını, Stepanakert, Əsgəran arasındakı yolu açmaq üçün ermənilərin hər vasitəyə əl atacağını yazırdı. E.Məmmədov ermənilərin çoxsaylı vertolyot hücümları barəsində məlumat verərək, Xocalının əsas dayaq mərkəzi olduğunu və təcili kömək gözlədiyini xüsusilə qeyd edirdi [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238]. Az müddət keçdikdən sonra dekabrın 25 – də Xocalı rayon prokuroru A.Atakişiyev prezidentin və pespublika prokuroru Murad Babayevin ünvanına göndərdiyi teleqramda xalqın Xocalını tərk etmək istədiyini yazır və aeroport və dəmiryol vağzalında azərbaycanlıların gördüyü işlərin hədər gedəcəyini qeyd edir. O, həmçinin xalqın rəhbərliyə münasibətinin dəyişdiyini, kolxoz, sovxozların, müəssisələrin işləmədiyindən xəbər verərək, təxirə salınmaz tədbirlərin görülməsini, kömək göstərilməsini rəhbərlikdən xahiş edirdi [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238]. Teleqramın üzərində ölkə prezidenti dərkənar qoyaraq, “xahiş edirəm əməli kömək göstərin” sözləri ilə məsələnin həllini H.Həsənov – baş nazir, T.Mehdiyev – müdafiə naziri, T.Kərimov – daxili işlər naziri, İ.Hüseynova- dövlət təhlükəsizliyi komitəsinin sədrinə tapşırıldı [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238]. 1991 – ci ilin oktyabr ayından 1992 – ci ilin yanvar ayınadək erməni hərbi dəstələri Dağlıq Qarabağın 30 – a yaxın kənd və yaşayış məntəqələrini dağıtmış (Tuğ, İmarət Qərvənd, Cəmilli, Meşəli, Nəbilər, Xocavənd, Qeybalı, Divanallar, Kərkicahan, Quşçular və s.) əhalini öldürmüş və əsir götürmüşdülər. Fikrimizcə, belə bir vəziyyətdə ölkə prezidenti qətiyyətlə hərəkət edərək ciddi tədbirlər görməli idi. İlk növbədə bu dövrdə Müdafiə Nazirliyinin yarıtmaz işindən xüsusilə danışmaq lazımdır. Bu dövrdə Dövlət Büdcəsindən Müdafiə Nazirliyinə 250 milyon manat vəsait ayrılmışdı. Həmçinin ictimai əsaslarla xalqdan 80 milyon manat pul yığılıb yenə də Müdafiə Nazirliyinə verilmişdi. Buna baxmayaraq Azərbaycan ordusu yaradılmamış, mövcud olan batalyonların təhcizatı aşağı səviyyədə idi. İstər hərbi texnika, istərsə də rabitə vasitələrinin işləməsi yaratmaz vəziyyətdə idi. Xocalı faciəsi ərəfəsində II dünya müharibəsi veteranları A.Mütəllibova müraciət hazırlamış və Qarabağın müdafiəsi üzrə aydın konsepsiyanın olmadığını bildirmişlər. Qarabağın müdafiəsi üzrə nəinki aydın konsepsiya mövcud deyildi, hətta A.Mütəllibov bu dövrdə Qarabağın taleyi necə olacaq sualının cavabını da tapa bilmirdi. Sessiya zamanı A.Mütəllibova Xocalının taleyi necə olacaq sualı verilərkən o, “Bu sualın cavabını bilsəydim özümü dünyanın xoşbəxt adamı hesab edərdim” cavabını verir [1 ,f. 2941, siy.1, iş 144, 304 s., s. 167 – 238]. Ölkədəki hakimiyyət böhranı və prezidentin bu böhrandan çıxış yolu tapa bilməməsi, iqtidarın daxili intriqaları, müxalifətin hakimiyyətə gəlmək uğrunda mübarizəsi və bu iddiaların nəyin bahasına olursa olsun həyata keçirtmək cəhdi Qarabağ probleminin düyününü daha da bərkitdi. Qarabağ uğrunda, torpaqların işğaldan azad olması naminə milli siyasi birliyə, konsensusa nail olunmadı. Prezident ona tabe olan məmurlardan real iş və onun nəticələrini tələb edə bilmədi. Prezident müharibə gedən ölkədə nə vahid komandanlıq yarada bildi, nə də özü ali baş komandan ola bildi. Hətta vaxtında istefa verməyə belə cürəti çatmadı. Yanvarın sonu fevralın əvvəlində Ağdamda general Dadaş Rzayev və bir qrup zabit qərargahda Xocalı – Ağdam yolunun dəhlizinin azad olunması planını hazırladı. Bu ərəfədə yanvarın 21 – də ermənilər Qeybalı kəndini işğal etdilər. Fevralın 10 – da Ali baş komandanın əmri ilə D.Rzayev kimi təcrübəli zabit gözlənilmədən Goranboya göndərildi.D.Rzayevin Qarabağdan Goranboya göndərilməsi ən böyük səhvlərdən biri idi. Bu addım Xocalını əvvəlcədən məğlubiyyətə aparırdı. Bundan sonra ermənilər ardıcıl olaraq fevralın 17 – də Qarabağlı kəndini işğal etdilər.Bu müddət ərzində Dağlıq Qarabağan Aran Qarabağa 10.000 – dək qaçqın gəlmiş, yalnız Ağdamda qaçqınların sayı 3500 nəfər idi [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238]. Yanvarın 17 – də Z.Balayan Goranboy və Xankəndində görüşlər keçirmiş və faşist təbliğatı aparmışdı. Bundan sonra ermənilər daha da qəddarlaşdı [1, f. 2941, siy.1,iş 144, 304 s., s. 167 – 238]. Müxalifətin təzyiqi ilə qarşılaşan prezident A.Mütəllibov Müdafiə Nazirləri Bərşadlını, sonra isə T.Mehdiyevi vəzifələrindən azad etdi. Bərşadlının işdən azad edilməsindən sonra Şahin Müsayev Müdafiə Nazirinin müavini vəzifəsinə təyin edildi. Növbəti Müdafiə Naziri T.Mehdiyev vəzifəsindən azad edildikdən sonra isə Müdafiə Nazirinin bütün səlahiyyətləri məhz məsuliyyətsiz Şahin Müsayevin əlinə keçdi [2,s.150-151]. Qarabağ zonası üzrə prezidentin müvəkkili Musa Məmmədov təyin edildi (2 fevral 1992 – ci il). Yalnız 1992 – ci il fevralın 10 – da Qarabağ zonası hərbi bölmələrin vahid komandanlığı yaradıldı və komandanlığın rəhbəri Tahir Əliyev təsdiq olundu [2, s.150]. Bu, T.Əliyevin apardığı üçüncü vəzifə idi. O, həm Daxili İşlər Nazirinin müavini, həm də Daxili Qoşunlar İdarəsinin rəisi idi. Tarixçi O.Sultanov haqlı olaraq səriştəsiz hərbi təcrübəsi olmayan T.Əliyevin üçüncü vəzifənin öhdəsindən necə gələcəyini sual altında qoyur. Tahir Əliyevin nəinki 3 vəzifənin öhdəsindən neçə gələcəyi, hətta fevralın 18 – də 4 – cü vəzifəyə - Müdafiə Naziri vəzifəsinə təyin olunması isə əsil absurd idi [2,s.151]. Üstəlik, fevralın 10 – da Müdafiə Nazirinin müvəkkili təyin olunmuş Fəhmin Hacıyev Ağdama gələrək “problemlərin həllində” rəhbərliyi öz üzərinə götürdü. Beləliklə, Dağlıq Qarabağın müdafiəsinin məsuliyyətsiz, səriştəsiz qeyri – professonallara tapşırılması Dağlıq Qarabağın “taleyini həll etdi”. Dağlıq Qarabağda yeganə aeroportu olan şəhərin- Xocalının müdafiəsi üçün aşağıdakı qüvvələr ayrılmışdı: - yerli batalyon – 80 nəfər, milli ordu – 20 nəfər, aeroportun keşikçiləri – 60 nəfər (yerli milis), 250 vahid avtomat silah, 1 vahid BRDM (mərmisiz), 102 kalibirlikli 1 vahid artilleriya topu, 1 vahid AQS 17, 4 vahid PD – 25. [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238]
Stepanakertdə yerləşən Rusiyanın 366 – cı motoatıcı alayı (ştat üzrə 1800 nəfərdən 350 nəfər əsgər və zabit və tam hərbi texnika) isə əslində ermənilər tərəfindən idarə olunurdu və ermənilər bu alay vasitəsi ilə Xocalını işğal etməyə hazırlaşırdılar [5, 23 fevral – 1 mart 2007 – ci il,№7]. Ermənilər 366–cı alayın “hərbi xidmətlərini” pulla mükafatlandırırdılar. Azərbaycanlıların yaşayış məntəqələrinə atılan 1 top atəşi – 1300 rubl, BTR – in birgecəlik icarə haqqı – 5000 rubl, 6 BMP – dən ibarət qrup halında keçirilən hər bir əməliyyat üçün 1,5 milyon rubl vəsait ayrıldı. Xocalı faciəsindən sonra Tiflisə gəlmiş 366 – cı motoalayın əsgərinin saxlanılması zamanı ondan 280 min rubl pul tapılmışdı [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238].
Erməni yaraqlılarının əsas məqsədi, Şuşanı işğal etmək idi. Onlar Şuşa – Laçın yolu ilə Gorus rayonunun ərazisinə dəhliz açmaq istəyirdilər. Fevralın 18 – də Milli Təhlükəsizlik Nazirliyinin bu barədə məlumatı prezidentin masasının üzərinə qoyuldu. Məlumatda ermənilərin Şuşa barədə planlarının Xocalıya nisbətən daha geniş olduğu təsdiq edilirdi. Prezidentə Xocalıdakı real vəziyyət, Qarabağ zonası üzrə prezident idarə müvəkkilinin fəaliyyəti haqqında general Kamil Məmmədov tərəfindən hazırlanmış arayış göndərilmiş, lakin bu məlumat da nəzərə alınmamışdı [1, f. 2941, siy.1 , iş 144, 304 s. , s. 167 – 238].
Bu ərəfədə Ağdamın icra başçısı Verdiyev IV Ordunun komandanı Papova teleqram göndərərək Qarabağa edilən hücumları şərəfsizlik adlandırır. Lakin ermənilərin rus ordusuna xərclədiyi pullar görünür ki, komandanın da vicdanını susdurmuşdu [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238].
1991 – ci ildə Xocalıda 6300 nəfər sakin yaşayırdı. 1991 – ci ilin oktyabrında ermənilər Xocalı ilə Ağdamı birləşdirən yolu tutduqdan sonra, Ağdama Xocalıdan əhali yalnız vertolyotla gələ bilirdi. 1992 – ci ilin yanvarında Xocalıda olan amerika jurnalisti Tomas Qoltz belə uçuşların olduqca təhlükəli olduğunu qeyd edirdi [6, s.11-12]. 1992 – ci il fevralın 13 – də Xocalıya sonuncu vertolyot reysi oldu. Şəhərdə hələ 3000 nəfər əhali qalırdı. Sonuncu vertolyotla yalnız 300 nəfər evakuasiya etmək mümkün oldu. Xocalının müdafiəsini kapitan Əlif Hacıyev (OMON – nun komandiri) təşkil etdi. Onun tabeliyində 160 nəfər yüngül silahlanmış əsgər var idi.
1992-ci il fevralın 25 – də 366 – cı motoatıcı alayın erməni hərbi dəstələri ilə birgə Xocalıya hücumu ərəfəsində Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədov və Xocalı şəhər prokuroru A.Atakişiyev Prezidentin ünvanına bir teleqram göndərdilər. Teleqramda yazılır: “Xocalı əldən gedir. Xocalı əldən getsə Dağlıq Qarabağ ermənilərindir. Biz Xocalını saxlasaq Dağlıq Qarabağ bizimdir”. Teleqramda Xocalını ermənilər aldığı halda 4 illik zəhmətin hədər getdiyi və Xocalının Azərbaycanın taleyini həll edəcəyi bildirilirdi. Eyni gündə prezidentə Tamerlan Qarayevdən “Xocalıda və Umüdluda qüvvə tamamilə tükənib, yeni qüvvə gəlmədiyindən iki gündən çoxdur ki, vertolyotlar uçmur, erməni yaraqlılarına müqavimət göstərmək ən aşağı səviyyəyə enmişdir...”məzmunlu sifroqram da göndərilir. T.Qarayev “sizin qərarınızı gözləyirəm. Hər hansı ləngimə ağlagəlməz nəticəyə gətirib çıxara bilər – sizin qərarınızı gözləyirəm” yazaraq xəbərdarlıq edirdi. Lakin respublika rəhbərliyi bu xəbərdarlığa baxmayaraq heç bir tədbir görmədi. Respublikada yaranan ictimai – siyasi, iqtisadi, hərbi, mənəvi, hakimiyyət böhranı, ordunun dağınıqlığı, vahid komandanlığın olmamağı, kiçik hərbi qrupların, özünü müdafiə dəstələrinin kortəbii fəaliyyəti parlamentlə prezident arasında fikir və iş birliyinin olmaması, iqtidar – müxalifət qarşıdurması əsas səbəblərdən biri olan hakimiyyət uğrunda mübarizə Xocalı faciəsinə gətirib çıxartdı. Xocalı faciəsindən əvvəl əhalini xilas etmək olardımı sualı bu günə qədər hələ də səslənir. Təhlükəsizlik Şurasının üzvü, Müdafiə Nazirinin müavini vəzifələrini “icra edən” Şahin Musayev Xocalı faciəsindən sonra əhalini 2 yolla çıxartmaq mümkün olduğunu təsdiq etdi [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238].
Əhalinin şəhərdən çıxarılmasının yollarından biri hava yolu idi. Vertolyot vasitəsi ilə əhalinin evakuasiya etmək mümkün idi ki, rəhbərlik müxtəlif bəhanələr gətirərək bunu etmədi [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238]. Xocalının sakinlərinin H.Orucov, İ.Musayev, M.Musayevin Xocalıdan Ağdama iki gizli yolun olması və bu yollardan istifadənin mümkünlüyünü sübut etməsi, əhalinin həmin yollardan yararlanmasını reallaşdıra bilərdi [2,s.160 – 161]. Lakin Xocalı icra hakimiyyətinin başçısı E.Məmmədov gizli yollardan istifadənin qeyri – mümkün olduğunu saymış, rəhbərliyin rəyini və əmrini gözləmişdi. Illər keçdikdən sonra məntiqsiz və dəhşətli görünən bu fakt rəhbərliyin həmən dövrdə Rusiyanın mövqeyini kifayət qədər düzgün qiymətləndirə bilməməsini göstərdi. Respublika rəhbərliyi Xocalıda əhalinin mühasirədə olduğu şəraitdə erməni işğalçılarının rus ordusunun iştirakı ilə şəhərə hücum etməyəcəyini düşünürdü ki, bu da prezidentin növbəti səhvlərindən biri idi. 1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə (1988 – ci il Sumqayıt hadisəsi ilə eyni gündə) erməni işğalçıları 366 – cı motoatıcı alayla birgə Xocalıya hücuma başladılar. Amerika jurnalisti T.Qoltz 366 – cı alayın hücümundan bir qədər əvvəl Ə.Hacıyevin sonuncu dəfə hökumətdən Xocalıya əhalinin bir hissəsinin xilası üçün vertolyot göndərilməsini xahiş etməsini lakin, Bakıda buna əhəmiyyət verilməməsini yazırdı [6, s.11-12]. Ermənilər və 366-cı alay şəhərə 3 tərəfdən hücum edərək guya dördüncü tərəfi əhalinin çıxması üçün açıq qoyur. Əhali Qarqar çayı boyunca dağlara tərəf hərəkət edərək Naxçıvanik kəndinin yaxınlığdakı düzənliyə çatdıqda aramsız atəşə məruz qaldı. Ağdamın Şelli kəndinə 10 km qalmış işğalçılar Xocalıda azərbaycanlıların soyqırımını törətdilər.
Azərbaycan Respublikasının Ali Sovetinin deputat istintaq komissiyasının ilkin hesabatına görə Xocalı faciəsi nəticəsində 450 nəfər həlak olmuş, 4000 nəfər yaralanmış, 70 – 80 nəfər itkin düşmüş, 20 nəfər girov götürülmüş, 800 nəfər zərər çəkmişdi. Lakin sonrakı təhqiqat daha çox insanın ziyan çəkdiyin göstərdi. 1992-ci il fevralın 26-da baş verən Xocalı qırğını tarixdə türklər tərəfindən genosidə məruz qalma haqqında hay-küy salan ermənilərin Azərbaycan xalqına qarşı ən qatı cinayəti oldu [1, f. 2941, siy.1 , iş 144, 304 s., s. 167 – 238]. 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi naməlumdur.Bu döyüşdə Xocalını müdafiə edən əsgərlərin bir çoxu və komandirləri Əlif Hacıyev qəhrəmancasına həlak oldular [7,s.7]. T.Qoltz Əlif Hacıyevin meyidinin 1 həftədən sonra ermənilərdən 100 litr benzinə dəyişdirildiyini yazır [6, s.11 – 12]. (Ə.Hacıyevə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdi).
Ən faciəli məqamlardan biri isə respublikada bu soyqırımın rəhbər işçilər (Daxili İşlər Naziri – T.Kərimov, Prezident Mətbuat Mərkəzinin rəhbəri R.Ağayev) tərəfindən səfeh şaiyə adlandırılaraq ölkə ictimaiyyətinə səhv məlumat çatdırması idi [2, s.163].
1992 – ci il fevralın 26 – da Müdafiə Nazirliyindən daxil olan məlumata həmin anda qeri – ciddi yanaşıldı [2,s.163]. Məlumatlar ziddiyyətli və qarışıq idi. Fevralın 27 – də Ağdamda olan müxtəlif dünya agentliklərinin müxbirləri içərisindən olan amerika jurnalisti Tomas Qoltz “Vaşinqton Post” qəzetində Xocalı faciəsi haqqında eksklüziv məqalə dərc etdirir. O.Ağdam məscidinin imamı Sadıx Sadıxovun ilkin hesablamasının əsas tutaraq 477 nəfərin öldürüldüyünü qeyd edir. Fevralın 29 – da jurnalist Ç.Mustafayev vertolyotla Naxçıvanik kəndinə gələrək videoçəkiliş aparmağa nail olur və bu çəkiliş erməni vəhşiliyini bütün dünyaya sübut edən sənədə çevrilir. Martın 2 – də xarici jurnalistlərdən – “London Tayms”dan Anatol Liven, “Frontlayn Nyus”dan Rori Pek soyqırımı dəqiqliklə işıqlandırırlar [6, s.11-12]. Ermənilərin jurnalist Florens Devidin adından Ç.Mustafayevin videolentinin saxta olduğunu uydurmasına isə F.Devidin özü cavab verdi. O, belə fikir söyləmədiyini, bunun erməni yalanı olduğunu bildirirdi [1, f. 2941, siy.1 , iş 144, 304 s. ,s. 167 – 238]. Beləliklə, Xocalı faciəsi haqqında həqiqət dünya ictimaiyyətinə çatdırıldı. Lakin T.Qoltzun həmin günlərdə yazdığına nəzər salsaq hökumət daxilində hətta bu faciəli günlərdə belə fikir birliyinin olmamasının şahidi oluruq. 1992 – ci il fevralın 26 – da Prezident Aparatında xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə T.Qoltzun Xocalıda nə baş verib sualına “Qarabağda, Xocalı şəhərində qırğın” olub cavabını vermişdisə, prezidentin Mətbuat Xidmətinin rəhbəri Rasim Ağayev T.Qoltzu “erməni casusu” adlandıraraq onu qısa müddətli həbs etdirmişdi. Xocalı faciəsi ölkədəki iqtidar-müxalifət qarşıdurmasını kəskinləşdirmiş, hakimiyyət böhranı daha da dərinləşdirmişdi. Həm iqtidar, həm müxalifət faciələrin baş verməsində günahkar axtarırdı. Iqtidar tərəfindən həmin günlərdə Ağdamda olan T.Qarayev günahlandırılmışdı. Digər bir məsələ ermənilərin növbəti uydurması ilə bağlı idi. Onlar dinc əhalinin Xocalını tərk etməsi üçün Əsgərandan sağda Qarqar çayı boyunca “azad dəhliz” saxlaması ilə bağlı yalan informasiya yaymışdılar. Lakin Rusiyanın hüquq müdafiə mərkəzi olan “Memorial” təşkilatı müstəqil hesabat hazırlayaraq bunun yalan olduğunu təsdiq etdi. “Memorial”təşkilatı dinc əhalinin tələyə salınaraq vəhşicəsinə öldürülməsini bəyan etdi. Həmçinin “Memorial” Ağdama gətirilən 200 meyidin üzərində vandallıq izlərinin olduğini, insanların müxtəlif orqanlarının kəsilməsi, eybəcərləşdirilməsi faktını da təsdiq etdi.Martın 2 – də keçirilən mətbuat konfransında rəsmən bu qırğında 366 – cı motoatıcı alayın iştrakı haqqında məlumat dünya ictimaiyyətinə çatdırıldı. Hadisənin törədilməsində zabitlərdən mayor S.Ohanyan (2 – ci batalyonun komandiri), ştabın rəisi V.Çityan, mayor Y.Nabokixin (3 – cü batalyon), kapitan Lixodeya (3 – cü batalyon) və polkovnik Zarviqorov (komandir) xüsusilə fərqlənmişdilər [1, f. 2941, siy.1 , iş 144, 304 s. ,s. 167 – 238]. Xocalı qırğınından sonra Rusiya Müdafiə Naziri, MBD – nin Birləşmiş Silahlı qüvvələrinin komandan marşal Y.Şapoşnikov 366 – cı motoalayının Dağlıq Qarabağ ərazisindən təcili çıxarılması və Gürcüstan ərazisinə köçürülməsi haqqında əmr verdi. Alayın erməni zabitləri, həmçinin hərbi texnikanın böyük hissəsi Dağlıq Qarabağın ərazisində qaldı [6, s.11-12]. Bu barədə Rusiyanın mətbuat orqanları da xəbər verdi [5, 2007, 23fevral -1 mart, 2007 – ci il №7]. 25 tank, 87 BMP, 28 BTR, 45 artilleriya topu, 4 ədəd “Strela – 10” qurğusu Dağlıq Qarabağ ərazisində qalmışdı [5, 23 fevral – 1 mart 2007 – ci il,№7]. 366 – cı alayın komandiri polkovnik Zarviqorov Tiflis yaxınlığında Vaziani stansiyasında həbs edilsə də sonradan buraxılmışdı. Bu cinayətin törədilməsində müqəssir sayılan şəxslər indiyədək heç bir cinayət məsuliyyətinə cəlb edilməmişlər. Qırğının fəal işiştrakçılarından olan erməni polisi, mayor V.Babayan bunun “ermənilərin intiqamı” olduğunu açıq qeyd etmişdir. Ermənistanın indiki prezidenti S.Sarkisyan Xocalı faciəsinin bilavasitə iştrakçısı kimi xarici jurnalistlərə öz müsahibələrinin birində aşağıdakıları demişdir: “....Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu streotipi dağıda bildik. Bax nə baş verdi...”[3, s.135] S.Sarkisyanın bu sözləri ermənilərin cinayətinin, S.Sarkisyanın cinayətkar olmasının birbaşa sübutudur. Bu şəxsin Ermənistanın dövlət başçısı olması fikrimizcə beynəlxalq ictimai rəyin düzgün formalaşmaması, dünya dövlətləri tərəfindən Ermənistanın vaxtında cəzalandırmaması, Xocalı faciəsini törədən canilərin beynəlxalq məhkəməyə verilməməsinin nəticəsidir.
Sevinc Seyidova
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
«Ümumi tarix və TTT» kafedrası,
tarix üzrə elmlər doktoru, dosent
