Yay məktəbləri gənclərin beynəlxalq rəqabətqabiliyyətliliyini artırır
İnformasiya təhlükəsizliyi üzrə yay məktəbi gənclərin beynəlxalq rəqabətqabiliyyətliliyini artırır.Bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov Mingəçevirdə "Cyber Summer School 2026" yay düşərgəsinin açılışı çərçivəsində deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında TİHA-nın sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, düşünürəm ki, bu cür yay məktəblərinin əhəmiyyəti təkcə bir neçə günlük təlim keçməklə məhdudlaşmır:
“Bu gün dünya əmək bazarında ən çox tələb olunan sahələrdən biri kibertəhlükəsizlikdir və artıq işəgötürənlər yalnız diplomu deyil, gəncin hansı bacarıqlara sahib olduğunu, hansı layihələrdə iştirak etdiyini və özünü necə inkişaf etdirdiyini də qiymətləndirirlər.
“Cyber Summer School 2026” kimi layihələr gənclərə özlərini sınamaq, yeni biliklər əldə etmək və peşəkar mühitlə tanış olmaq imkanı yaradır. Burada iştirak edən gənclər həm komanda ilə işləməyi, həm problemlərə fərqli yanaşmağı, həm də müasir texnologiyalarla işləməyi öyrənirlər. Bütün bunlar isə onların gələcəkdə həm yerli, həm də beynəlxalq əmək bazarında daha rəqabətli kadr kimi formalaşmasına ciddi təsir göstərir.
Mən, xüsusilə, regionlarda keçirilən belə layihələri çox vacib hesab edirəm. Çünki regionlarda kifayət qədər istedadlı və potensiallı gənclərimiz var. Sadəcə, onların qarşısına imkan çıxarmaq lazımdır. Bu cür layihələr həmin gənclərin paytaxta gəlmədən də yeni biliklər qazanmasına, mütəxəssislərlə tanış olmasına, özlərini göstərməsinə və gələcək karyeraları üçün vacib əlaqələr qurmasına şərait yaradır.
Əslində, regionlarda keçirilən hər bir belə təşəbbüs təkcə bir tədbir deyil, həm də insan kapitalına qoyulan sərmayədir. Bu gün texnologiya sahəsində güclü kadr hazırlamaq istəyiriksə, gənclərə erkən yaşlardan bu imkanları yaratmalı, onların rəqəmsal bacarıqlarını inkişaf etdirməli və onları gələcəyin peşələrinə hazırlamalıyıq”.
Səadət Əlizadə