Yeni il ənənələri
İlin son gecəsi bir çox ailələr üçün sadəcə təqvim dəyişikliyi deyil. Şam ağacının bəzədilməsi, bayram süfrəsi ətrafında bir araya gəlmək və eyni arzularla saat 12-ni gözləmək ailələri birləşdirən dəyərlər kimi yaşadılır. Azərbaycanda ailələr bu bayramı həm köhnə adətlərə sadiq qalaraq, həm də müasir yanaşmalarla qarşılayırlar.
Mövzu ilə əlaqədar “İnformator.az” saytı olaraq sosioloq və sakinlərin fikrini öyrəndik.
Saytımıza danışan 65 yaşlı sakin Teymur Əliyev onun ailəsində Yeni ilin hər zaman birlik və səmimiyyət rəmzi olduğunu vurğulayıb:
“Bizim dövrdə Yeni il daha sadə keçirilirdi. Süfrə zəngin olmasa da, ailə üzvlərinin bir arada olması hər şeydən vacib idi. İndi adətlər bir az dəyişib, amma Yeni ilin ailəni birləşdirən ruhu hələ də qalır”.
Yeni il gecəsində onu ən çox sevindirən Şaxta babadan hədiyyə almaq olduğunu qeyd edən 7 yaşlı Nuray Məmmədova isə Yeni ili daha çox sevinc və həyəcanla xatırlayır:
“Yeni ildə hamı bir yerdə olur, şam ağacını bəzəyirik. Şaxta babanın gətirdiyi hədiyyələri çox sevirəm. Ailəmlə birlikdə Yeni ili qarşılamaq məni çox xoşbəxt edir”.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, bayramlar cəmiyyət və insanların həyatında xüsusi əhəmiyyətə malik hadisələrdir:
“Bayram günlərində gərginliklər, incikliklər aradan qalxır, insanlar arasında əlaqələr və münasibətlər yenidən qurulur. Hətta inanc formalaşıb ki, bayramı necə keçirirsənsə, qarşıdakı illər də o cür keçəcək. Bu günkü dövrdə isə süni intellekt və rəqəmsal texnologiyaların təsiri, bəzən xarici mənşəli bayramlar və onların mədəniyyəti cəmiyyətimizə təsir edir. Buna görə də biz milli bayramlarımıza daha çox önəm verməli, onları yaşatmalı, gələcək nəsillərə ötürməliyik, çünki bu bayramlar xalqımızın milli ruhunu, adət-ənənələrini və mənəvi dəyərlərini özündə əks etdirir”.
Həmçinin ekspert vurğulayıb ki, təəssüf ki, bu gün ailə süfrəsi ətrafında bayram keçirmək ənənəsi zəifləyib:
“Smart qurğular və yad mədəni təsirlər insanları bir-birindən uzaqlaşdırır. Hətta bayramlar da restoranlarda, kənar məkanlarda qeyd olunur, halbuki bu xüsusi günlər ailə daxilində keçirildikdə daha dərin mənəvi izlər buraxır. Əlbəttə, restoran və digər məkanların da öz yeri var, lakin milli və ailəvi dəyərə çevrilmiş bayramlar daha çox ev şəraitində, ailə ortamında keçirilməlidir. Bu, ailə bağlarını gücləndirir və gələcəkdə sağlam ailə modeli üçün baza yaradır”.
Qeyd edək ki, yaşından asılı olmayaraq, Yeni il hər kəs üçün ailə istiliyi və birgə sevinc deməkdir. Zaman keçdikcə adətlər dəyişsə də, bu bayramın ailələri birləşdirən dəyəri dəyişməz olaraq qalır.
Aytac İbrahimova
