Yeni Konstitusiya Paşinyana vaxt qazandıra bilər
Ermənistan hökuməti yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Layihədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması, sülh və mehriban qonşuluq prinsiplərinin prioritetləşdirilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin əsas götürülməsi və dövlət rəmzlərinin dəyişdirilməsi nəzərdə tutulur.
Baş nazir Nikol Paşinyan bu dəyişiklikləri münaqişə siyasətindən imtina və Dördüncü Respublikaya keçid kimi təqdim edib. Müstəqillik Bəyannaməsinə istinadın ləğvi Azərbaycanla sülh sazişinin ratifikasiyası üçün hüquqi ziddiyyətlərin aradan qaldırılması baxımından əhəmiyyət daşıyır. Layihənin qəbulu parlamentdə 70 səs və referendumun dəstəyini tələb edir. Azərbaycan üçün əsas məsələ isə ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və sülh sazişinin imzalanmasıdır.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, yeni Konstitusiya layihəsinin təqdim olunması Paşinyanın sülh prosesinə sadiqliyini tam təsdiqləmir. Layihənin müzakirəsi və qəbulunun uzun müddət davam etməsi Ermənistan hakimiyyətinə siyasi baxımdan vaxt qazandıra bilər. Layihənin ictimai müzakirəsi 5-6 ay davam edəcək, bundan sonra sənəd parlamentə təqdim olunacaq. Parlament müzakirələri və referendum mərhələsi də nəzərə alındıqda prosesin 2027-ci ilin payızına qədər uzanması mümkündür:
“Yeni konstitusiya layihəsinin ictimai müzakirəsi təqribən 5-6 ay davam edəcək. Bundan sonra hökumət cəmiyyətdən gələn təklifləri ümumiləşdirərək layihəni parlamentə təqdim edəcək. Parlamentdə müzakirələr də xeyli vaxt aparacaq. Paşinyan 70 səs çoxluğunu təmin edə bilsə, referendumun təşviqat mərhələsi başlayacaq. Bu proses ümumilikdə 8-10 ay, təxminən 2027-ci ilin payızına qədər davam edə bilər”.
Taleh Əliyev qeyd edib ki, həmin müddətdə ABŞ-İran münasibətlərində mümkün dəyişikliklər, hərbi əməliyyatların bərpası riskləri və ABŞ-də keçiriləcək aralıq seçkilərin nəticələri regiondakı siyasi vəziyyətə təsir göstərə bilər. Demokratların Konqresin hər iki palatasında üstünlük əldə etməsi ehtimalı da Ermənistanın mövqeyinə təsir edə biləcək amillər sırasındadır.
“Paşinyanın nə qədər səmimi və sülhdən yana olduğunu o zaman görəcəyik ki, bu siyasəti həyata keçirmək üçün müxalifətə təzyiqlərini artıraraq referendumun keçirilməsi üçün parlamentdə tələb olunan konstitusiya çoxluğunu təmin etsin. Əks təqdirdə, onun bu addımı sülhə və Azərbaycanla münasibətlərin normallaşmasına sadiqlik nümayişi kimi birmənalı qiymətləndirilməməlidir”.
Politoloqun sözlərinə görə, yeni Konstitusiya prosesi Ermənistan hakimiyyətinə Azərbaycan, Türkiyə, Rusiya və İranla münasibətlərdə öz maraqlarına uyğun siyasi manevrlər etmək imkanı yarada bilər. Ermənistanın bu ölkələrlə münasibətlərində yeni mərhələyə hazırlaşması və müxtəlif məsələlər üzrə mövqeyini formalaşdırması da prosesin mümkün nəticələrindəndir:
“Ermənistan həm Türkiyədən, həm Azərbaycandan, həm də lazım gəldikdə Rusiya və İrandan vaxt qazanmış olur. Yeni mərhələyə və yeni dövrə keçid hazırlayaraq bu dörd ölkə ilə də öz maraqlarına uyğun bazarlıq etmək istəyəcək”.
T.Əliyev vurğulayıb ki, Ermənistanın real niyyətlərini müəyyənləşdirmək üçün qarşıdakı dövrdə atacağı praktiki addımlar, xüsusilə, TRIPP layihəsinin icrası mühüm göstərici olacaq. Ermənistanın öz ərazisindən keçən hissədə dəmir yolu, avtomobil yolu, fiber-optik kommunikasiya xətləri, elektrik enerjisi və neft-qaz infrastrukturu üzrə işləri sürətləndirib-sürətləndirməyəcəyi diqqətdə saxlanılmalıdır.
“2027-ci ilin ilk yarısı dünya və region üçün son dərəcə əhəmiyyətli dövr olacaq. TRIPP dəhlizinin Ermənistandan keçən hissəsində bərpa və quruculuq işlərinin sürətlə aparılması və ya yubadılması əsas məsələlərdəndir. Buraya dəmir yolu, avtomobil yolu, fiber-optik kommunikasiya xətti, elektrik enerjisi və neft-qaz infrastrukturu daxildir. Ermənistanın bu istiqamətdə hansı addımları atacağı, eləcə də Azərbaycanın haqlı tələblərinə nə dərəcədə əməl edəcəyi Paşinyanın real niyyətini və mövqeyini müəyyənləşdirmək baxımından həlledici göstəricilər olacaq”.
Aydan Əsgərxanlı