Yeni müharibə planı: İsrail ABŞ-ı müharibəyə sürükləyir
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ABŞ-ı daha bir müharibəyə cəlb etməyə çalışdığını bildirib. O, bu barədə açıqlamasında qeyd edib ki, İsrailin addımları regionda hərbi gərginliyin artmasına səbəb ola bilər. Əraqçinin sözləri Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Murad Sadəddinov bildirib ki, ABŞ Prezidenti Donald Trampın müsahibəsində səsləndirdiyi fikri xatırlatmaq istərdim:
“Tramp bildirib ki, ABŞ-ın İranda rejim dəyişikliyinə nail olmaq kimi bir marağı yoxdur. Vaşinqtonun əsas marağı İranın heç vaxt nüvə silahı əldə etməməsidir. İsrail isə ABŞ-dan fərqli olaraq, İranda rejim dəyişikliyinin tərəfdarıdır. Bunlar Donald Trampın öz fikirləridir”.
Politoloq bildirib ki, İsrail hazırkı mərhələdə yaranmış vəziyyətdən maksimum istifadə edərək İranı zəiflətməyə çalışır:
“Çünki İran coğrafi baxımdan İsrailə ABŞ-dan daha yaxındır və İran təhlükəsi ilk növbədə İsrailə təsir göstərir. Bu baxımdan İsrail müxtəlif vasitələrlə İrana qarşı zərbələrin yenidən endirilməsinə və hərbi əməliyyatların bərpa olunmasına çalışacaq”.
Politoloq vurğulayıb ki, ABŞ isə hazırda İrana qarşı tamamilə fərqli siyasət həyata keçirir:
“Bu siyasət ondan ibarətdir ki, artıq yay aylarından başlayaraq bu günə qədər İrana qarşı çox ciddi iqtisadi embarqolar tətbiq olunur. Bu embarqoların təsiri İranda açıq-aydın hiss edilir. İran Prezidenti dəfələrlə bu barədə açıqlamalar verib. Hətta ölkə rəhbərliyi əhaliyə müraciət edərək elektrik enerjisinə və qaza qənaət etməyə çağırır. Bu da İranın maliyyə vəziyyətinin nə qədər ağır olduğunu göstərir”.
Murad Sadəddinov müsahibəsində bildirib ki, ABŞ embarqo siyasəti vasitəsilə İranı nüvə silahından imtina etməyə məcbur etmək istəyir:
“Yəni İran mövcud zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməli, MAQATE-nin müfəttişlərinin bütün nüvə obyektlərinə daxil olmasına icazə verməli və digər tələbləri yerinə yetirməlidir”.
Politoloq qeyd edib ki, yeni müharibə məsələsinə gəldikdə isə, regionda müharibə artıq bu və ya digər formada davam edir:
“İlk növbədə, bu, iqtisadi müharibədir. Eyni zamanda, demək olar ki, hər gün ABŞ və İsrailə məxsus təyyarələrin İranın hava məkanına daxil olması və xüsusilə ölkənin cənub bölgələrində yerləşən bəzi şəhərlərə zərbələr endirməsi barədə məlumatlar yayılır. Lakin bu, davamlı xarakter daşıyan bir müharibədir”.
Murad Sadəddinovun sözlərinə görə, belə bir müharibənin baş verməsi də mümkündür:
“Çünki regiona kifayət qədər böyük həcmdə silah-sursat və hərbi texnika cəlb olunub. Təkcə İsrail ərazisində havada yanacaq doldurulmasını təmin edən 200-dən çox xüsusi təyyarənin yerləşdirildiyi bildirilir. Bütün bunlar ABŞ və İsrailin mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq gördüyünə dair müəyyən işarələr verir”,- deyə politoloq əlavə edib.
Nuray Dadaşzadə