Yeni NATO lideri kim olacaq? - ARAŞDIRMA
Yeni NATO liderinin kim ola biləcəyi ilə bağlı müzakirələr alyansın gələn ay Litvada keçiriləcək sammitindən əvvəl böyük maraq doğurub.
İnformator.az bildirir ki, üzv ölkələr iyuldakı sammitdə qərar verəcəklərini desələr də, konsesusa gələ bilmirlər. Bir tərəfdən NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin mandatının uzadıla biləcəyinə dair iddialar var. Digər tərəfdən Britaniyanın müdafiə naziri Ben Uolles, Danimarkanın baş naziri Mette Frederiksen də namizədlər arasındadır. Bəs Alyansa rəhbərliklə bağlı kimin seçilmə ehtimalı yüksəkdir.
İnformator.az məsələ ilə bağlı araşdırmasını təqdim edir.
Rusiya-Ukrayna müharibəsinin gərgin olduğu bir vaxtda NATO təşkilata rəhbərlik edəcək yeni namizəd seçir. Mühüm seçkiyə bir neçə ay qalsa da, üzv ölkələr hərbi alyansın yeni baş katibinə qərar verməkdə çətinlik çəkir. Aylardır ki, NATO-nun yeni simasının kim olacağı, potensial namizədlərlə bağlı iddialar səslənir. Lakin son qərarın iyulun 11 və 12-də keçiriləcək Vilnüs Sammitində verilməsi gözlənilir. Bununla belə sammitə bir aydan az vaxt qalması və üzv ölkələr arasında konsesusun olmaması missiyası başa çatan Yens Stoltenberqin vəzifəsinin bir müddət də uzadılacağına dair fikirlərə yer verir. Buna səbəb norveçli siyasətçinin NATO daxilində böyük dəstəyə malik olmasıdır. Bu səbəbdən 9 ildir baş katib olan və səlahiyyət müddəti 3 dəfə uzadılan Stoltenberqə bir il də vəzifəsini davam etdirməsi təklifi gözlənilir. ABŞ Administrasiyası da Yens Stoltenberqin səlahiyyət müddətinin daha 1 il uzadılması ideyasını dəstəkləyir, Prezident Co Bayden onun bu ağır dövrdə səlahiyyətlərini effektiv yerinə yetirdiyini düşünür. Səlahiyyət müddəti oktyabrda başa çatan Stoltenberq isə daha əvvəl mandatının uzadılmasını istəmədiyini bildirib.
Bu günədək isə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyendən tutmuş Niderlandın baş naziri Mark Rutteyə qədər bir çox ad təklif edilsə də, sonda tez-tez təkrarlanan üç ad var. Bunlar arasında diqqət çəkən namizədlərdən biri Danimarkanın baş naziri Mette Frederiksendir. NATO-ya qadın baş katib təyin etməyin vaxtının çatdığını düşünənlər üçün adekvat ad olan Frederiksen Ukrayna siyasətindən də dəstək alır. Buna baxmayaraq, Polşa Frederiksenin seçilməsinə isti yanaşmadığını açıq şəkildə bildirib. Səbəb isə Varşavanın Şərqi Avropadan namizəd görmək istəməsi və Danimarkanın müəyyən edilmiş müdafiə xərcləri hədəfindən geri qalmasıdır. Sirr deyil ki, Türkiyənin də Frederiksenlə bağlı ehtiyatları var.
Bu çərçivədə Estoniyanın baş naziri Kaya Kallasın da adı vaxtaşırı gündəmə gəlir. Lakin Qərb ölkələrinin Kallasla bağlı bəzi narahatlığı var. Bu addımın Rusiyaya qarşı təxribat kimi düşünülməsinə səbəb ola biləcəyi ehtimal edilir.
Bu vəzifəyə can atdığını gizlətməyən Britaniyanın müdafiə naziri Ben Uollesə gəlincə, Fransa bu seçimə qarşıdır. Fransa baş katibin Britaniyadan deyil, Avropa İttifaqından olmasına üstünlük verir. Uollesin üzləşdiyi ən böyük problem isə onun prezident deyil, nazir olmasıdır. Əvvəllər nazirlər baş katib təyin olunurdu, lakin bəzi ölkələr NATO-nun başında prezident səviyyəsində adı görmək istəyirlər.
Ekspert Ceymi Şi bildirb ki, üzv ölkələr baş nazir vəzifəsində olan namizədlərə üstünlük verəcəklər: “Çünki baş nazirlərin əlaqələri daha geniş və əlçatandır. Onların həm NATO ölkələrində, həm də ondan kənarda prezidentlərə və hökumət başçılarına dərhal telefon zəngləri etmək imkanı var. Bu da NATO-nun hazırda həyata keçirdiyi diplomatiyaya daha uyğundur”.
Qeyd edək ki, NATO-nun qaydalarına görə, baş katib yekdilliklə seçilir. Dörd il olan vəzifə müddəti isə qarşılıqlı razılıqla uzadıla bilər. Hərbi Alyansa rəhbər hər zaman Avropa ölkələrindən seçilsə də, bir məsələ var ki, NATO-ya Ali Komandanlıq BŞ-a həvalə edilib.
