Zamanla dəyişən memarlıq
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu il şəhərlərimizin görünüşü və memarlıq üslubu daha da inkişaf edəcək. Zaman keçdikcə binaların forması və funksiyaları dəyişir. Bu da cəmiyyətin ehtiyaclarına və müasir texnologiyalara uyğun memarlığın necə yeniləndiyini göstərir.
Mövzu ilə bağlı memar Aysel Hüseynova “İnformator.az”a açılamasında bildirib ki, milli memarlıq üslubunun müasir layihələrdə qorunması bu gün xüsusi əhəmiyyət daşıyır:
“Bugünkü memarlıq zamanın tələbləri ilə milli dəyərlərin vəhdətində formalaşır. Müasir dövrdə memar qarşısında duran əsas vəzifə funksionallıq, estetika və rahatlıq arasında düzgün balans yaratmaqdır. Artıq bina yalnız zahiri görünüşü ilə deyil, insanın gündəlik həyatına nə dərəcədə uyğun olması ilə dəyərləndirilir. Düzgün planlaşdırılmış məkan, rahat istifadə imkanları və estetik həll memarlığın cəmiyyətə xidmət edən bir sənət olduğunu göstərir. Bu balans insan mərkəzli yanaşma və peşəkar məsuliyyət nəticəsində əldə olunur.
Milli memarlıq üslubunun müasir layihələrdə qorunması bu gün xüsusi əhəmiyyət daşıyır. Qloballaşma fonunda milli kimliyin itirilməməsi memarlıq vasitəsilə mümkün olur. Azərbaycanın zəngin memarlıq irsi daş memarlığı, həyət mədəniyyəti, ölçü və harmoniya anlayışı müasir materiallar və texnologiyalarla yenidən interpretasiya edilə bilər. Burada əsas məqsəd keçmişi təkrarlamaq deyil, onu çağdaş dövrün dilində yaşatmaqdır. Bu yanaşma həm tarixi yaddaşa sədaqət, həm də milli qürurun memarlıqda ifadəsidir”.
Memarın sözlərinə görə , gələcəyin memarlığı həm təbiəti qoruyacaq, həm də milli ruhu yaşadacaq:
“Gələcəyin memarlığında isə dayanıqlılıq və ekoloji məsuliyyət ön plana çıxacaq. Enerji səmərəli binalar, ağıllı texnologiyalar, yaşıl məkanların genişləndirilməsi şəhərlərin inkişafında əsas rol oynayacaq. Lakin bütün bu yeniliklər fonunda milli ruhun qorunması vacibdir. Gələcəyin Azərbaycan memarlığı müasir dünya ilə ayaqlaşan, eyni zamanda öz köklərinə sadiq qalan bir memarlıq modeli ortaya qoymalıdır.
Nəticə olaraq, memarlıq yalnız texniki və estetik fəaliyyət sahəsi deyil, vətənə bağlılığın, milli kimliyin və gələcəyə inamın ifadəsidir. Zaman dəyişsə də, Azərbaycan memarlığı öz ruhunu yaşadaraq inkişaf etməlidir”.

Zəri Bayramlı
