00:00:00
Yazar
Admin User
04.07.2023 18:11 304 3 dəq oxuma
Dünya

Zelenski: Rusiya Ukrayna vətəndaşı Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür

Zelenski: Rusiya Ukrayna vətəndaşı Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür

Dünya mediasında son 24 saatın ən çox müzakirə edilən mövzusu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin son vəziyyətidir. Onlayn formatda iştirak etdiyi bir iclasda Saakaşvilinin fiziki cəhətdən çox zəif görünməsi Ukrayna Prezidenti Volodimir Zelenskinin də aqressiyasına səbəb olub. Zelenskinin gürcü səfirə 48 saat ərzində Ukraynanı tərk etmək barədə göstəriş verməsi isə iki ölkə arasındakı gərginliyi pik həddə çatdırıb. Amma siyasi şərhçilər deyirlər ki, Saakaşvili Kiyev-Tblisi ziddiyyətinin görünən hissəsidir. İnformator.az məsələnin mahiyyətini araşdırıb.

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflis şəhər Məhkəməsinin iclasında videobağlantı vasitəsilə iştirak edib. Görüntülərdə onun vəziyyətinin ağır olduğunun görünməsi isə son günün başlıca müzakirə mövzusuna çevrilib. Bu məsələ Ukrayna lideri Volodimir Zelenskinin də diqqətindən yayınmayıb. O bildirib ki, hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür.

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kreml hazırkı Gürcüstan hökumətinin əli ilə Ukrayna vətəndaşı olan Mixail Saakaşvilini öldürür:“İnsanın yaşamaq hüququ ali dəyərdir və biz sabiq prezidentin öldürülməsinə icazə verə bilmərik. Ukrayna dəfələrlə Gürcüstan hakimiyyətini bu nümayişkəranə edamı dayandırmağa çağırıb. Həm biz, həm də tərəfdaşlarımız Saakaşvilini xilas etmək üçün müxtəlif variantlar təklif etmişik. Bu gün mən Ukraynanın xarici işlər nazirinə bəzi tapşırıqlar vermişəm. Demişəm ki, gürcü səfiri çağırıb etirazımızı bildirsin və məsləhətləşmələr aparmaq üçün yaxın 48 saat ərzində Ukraynanı tərk etməli olduğunu desin”.

 

Zelenskinin gürcü səfiri Ukraynadan yollaması isə postsovet məkanının iki dövləti arasındakı gərginliyin pik həddə çatdığına işarə edir. Amma yaranan vəziyyətin təkcə Saakaşvilidən qaynaqlandığını düşünmək doğru deyil. Çünki əgər Kiyev və müttəfiqlərinin məqsədi sabiq prezidenti Ukraynaya qaytarmaq olsaydı, buna Saakaşvilin səhhəti pisləşmədən əvvəl nail olardılar. Üstəlik, hadisələrin gedişatına baxanda görünür ki, iki ölkə arasındakı münasibətlər Ukrayna vətəndaşı olan Saakaşvilinin həbsindən sonra kövrək xarakter alsa da, gərginlik məhz ötən il fevralın 24-dən etibarən artıb. Daha doğrusu, Tblisi Moskvaya sanksiya tətbiq etməkdən yayındıqdan sonra Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsi və Tblisiyə birbaşa uçuşlara qoyulan qadağanı aradan qaldırmasından sonra isə iki ölkə arasındakı ziddiyyətlər pik həddə çatıb. Dünən Zelenskinin Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və şəxsən şirkətin qurucusu Tamaz Qaişviliyə qarşı sanksiyalar tətbiq etmək barədə qərarı da bunun göstəricisidir. Yəni indiki halda iki ölkə arasında olan siyasi gərginliyin görünən tərəfi Saakaşvili olsa da, əsas məsələ Tblisinin Ukraynadakı müharibədə tutduğu mövqedir.

 

Düşünsək ki, hazırda Ukrayna Avropanın bir nömrəli dövləti hesab olunur və oradakı müharibə qoca qitənin təhülkəsizliyinə risklər yaradır, o zaman indiki tutumu Gürcüstanın Avropa taleyi üçün yaxşı gələcək vəd etmir. İlin sonunadək Gürcüstanın Avropa İttifaqına üzvlüyü real görünmür. Bununla belə, alyans heç də sözügedən ölkəni itirmək istəməyəcək. Çünki qoca qitənin Ukraynadakı müharibədən sonra Rusiyanın enerji təhdidiylə qarşı-qarşıya qaldığı üçün alternativ axtarışına çıxdığı məlumdur. Geostrateji mövqeyinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələndirilir. Üstəlik, Gürcüstanla münasibətlərin pozulması bu ölkənin Rusiya ilə daha yaxın əlaqələr qurmasına şərait yaradacaq. Avropanın güclənmək arzusunda olduğu Qafqazda, Moskvanın müttəfiqlər taparaq güclənməsinə göz yumacağı isə real görünmür. Bu baxımdan, növbəti il Gürcüstanda keçiriləcək seçkilər Avropa üçün xususilə əhəmiyyətlidir. Çünki Tblisinin qoca qitə ilə, eləcə də keçmiş müttəfiqi Ukrayna ilə münasibətlərin gələcəyi məhz Gürcüstandakı siyasi hakimiyyət dəyişikliyindən asılı olacaq.

 

Xumar Bayramqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər