00:00:00
Yazar
Ayşən Səlimova
17.03.2026 19:59 110 2 dəq oxuma
Dünya

Zelenski sabah Böyük Britaniyaya səfər edəcək

Zelenski sabah Böyük Britaniyaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski martın 17-də Böyük Britaniyaya səfər edəcək. Məlumatı krallığın müdafiə naziri Con Hili açıqlayıb. Daha əvvəl Baş nazir Kir Starmer Ukraynaya dəstəyin davam edəcəyini vurğulayaraq Zelenski ilə görüşəcəyini bildirib.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin Böyük Britaniyaya səfəri davam edən Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə gərginlik fonunda həm Ukraynanın beynəlxalq dəstəyini möhkəmləndirmək, həm də müttəfiqlər arasında koordinasiyanı gücləndirmək məqsədi daşıyır:

 

“ Böyük Britaniyanın müdafiə naziri Con Hili və Baş nazir Kir Starmerin açıqlamaları göstərir ki, London Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirməyə hazırdır. Zelenskinin səfəri beynəlxalq dəstəyin rəmzi və praktik tərəflərini birləşdirir. Rəmzi baxımdan, liderlərin bir-birini dəstəkləməsi Ukrayna hökumətinə həm diplomatik, həm də mənəvi güc verir. Praktik tərəfdən, bu cür görüşlərdə hərbi yardım paketləri, iqtisadi dəstək proqramları və digər logistik məsələlər müzakirə olunur. Böyük Britaniyanın əvvəllər Ukraynaya verdiyi hərbi texnika və təlim dəstəyi nəzərə alındıqda, səfər müttəfiqlər arasında koordinasiyanın daha da güclənməsinə xidmət edir. Görüşün gündəliyində ehtimal ki, Rusiya ilə bağlı yeni sanksiyalar məsələsi də yer alacaq. 2026-cı ilin əvvəlindən Rusiya iqtisadi və hərbi təzyiqləri gücləndirir, buna cavab olaraq Qərb ölkələri yeni məhdudlaşdırıcı tədbirlər üzərində işləyirlər. Böyük Britaniyanın bu sahədə aktivliyi, ABŞ və Avropa İttifaqı ilə koordinasiyanı qoruyaraq, Rusiya iqtisadiyyatına təsir göstərmək məqsədi daşıyır. Zelenski ilə müzakirələrdə, ehtimal ki, həm yeni sanksiyaların tətbiqi, həm də mövcud sanksiyaların effektivliyi və koordinasiyası mövzusu ön plana çıxacaq”.

 

Politoloqun sözlərinə görə, Böyük Britaniyanın mövqeyi ABŞ və Avropa İttifaqının Ukrayna siyasəti ilə əsasən uzlaşır, lakin bəzi incə fərqlər mövcuddur:

 

“ABŞ Rusiya ilə münasibətdə dipıomatiyanı balanslı şəkildə üzə çıxarmağa çalışır, Aİ daha sərt hərbi və iqtisadi dəstək strategiyasını müdafiə edir və hazırki şəraitdə enerji təhlükəsizliyinə xüsusi diqqət yetirir. Böyük Britaniya isə hər iki yanaşmanı birləşdirərək həm hərbi yardım, həm də sanksiya siyasətində aktiv iştirak edir. Bu baxımdan, London ABŞ və Aİ ilə koordinasiyanı qoruyur, eyni zamanda öz milli maraqlarını, xüsusilə enerji və iqtisadi təhlükəsizliyi nəzərə alır.

Səfər həm də beynəlxalq mesaj xarakteri daşıyır. Zelenski Böyük Britaniyaya səfəri ilə göstərir ki, Ukrayna yalnız ABŞ və Avropa dövlətlərinin siyasi dəstəyi ilə kifayətlənmir, həm də müttəfiqlərlə birbaşa dialoq və əməkdaşlığı gücləndirir. Bu, həm diplomatik təzyiqi artırır, həm də Rusiyanın Ukrayna ətrafında hərbi və siyasi strategiyasını daha mürəkkəb edir. Ümumi olaraq deyə bilərik ki, Zelenskinin səfəri Ukraynanın beynəlxalq dəstəyini möhkəmləndirməyə, sanksiya və hərbi koordinasiyanı gücləndirməyə xidmət edir. Görüşün nəticələri, ehtimal ki, Ukrayna ilə birgə strateji planların yenilənməsi kimi praktik addımların əsasını qoyacaq”.

 

Mələk Hüseynova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər