Zelenski: Ukraynanın 2027-ci ildə 115 milyard dollara ehtiyacı var
Ukrayna 2027-ci ildə Qərb ölkələrindən 115 milyard dollar maliyyə yardımı almağı planlaşdırır.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən mətbuat konfransında bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib ki, Ukrayna ətrafında kifayət qədər mürəkkəb bir şərait var:
"Çünki Ukraynanın hazırda davam etdirdiyi müqavimətin, işğala qarşı duruşun əsas arxa planında Amerika hərbi dəstəyi, Amerikadan alınan hərbi dəstək, kəşfiyyat dəstəyi, Starlink- bunlar dayanır. NATO-nun kritik əhəmiyyətli texnologiyaları, hərbi texnologiyaları Ukraynaya ötürdüyünü, Ukrayna ordusunu və müdafiə sənayesini gücləndirmək üçün əlindən gələni etdiyini bilirik. Yəni dolayısı ilə Avropanın və Amerikanın dəstəyi olmadan Ukraynanın Rusiya qarşısında ciddi bir müqavimət göstərməsi problemli görünür.Ukrayna bu gün haqlıdır, öz torpaqlarını qoruyur, işğaldan azad etməyə çalışır. Amma haqlı olmasına baxmayaraq,davam etdirməsi üçün hərbi, iqtisadi, maliyyə gücü olmalıdır. Yəni nəzərə alsaq ki, Rusiya bu gün coğrafiyası geniş və dünyada ən çox resurslara sahib olan ölkədir, Çin yanı başındadır və bütün dünyadan sanksiya gəlsə belə Çinlə ticarəti ilə və resursları ilə ayaqda dura bilir. Amma Ukraynanın belə bir imkanı yoxdur. Baxmayaraq ki,Ukrayna ordusu bu prosesdə ciddi hərbi təcrübə və püxtələşmə nümayiş etdirir. Amma yenə də maliyyə olmadan müharibəni aparmaq çətin məsələdir. Orada problemlər nədir? Birincisi Avropada təbii ki, getdikcə ultra-milliyyətçi dalğa yüksəlişi var. Və hətta o qüvvələrin bəzilərinin Rusiya kəşfiyyatı ilə, Rusiya ilə yaxın təması var.Onlar Ukrayna müharibəsinə öz müharibələri kimi baxmırlar.Yəni onlar hakimiyyətə gəlsələr, yəqin ki, maliyyə dəstəyi, hətta bəzilərində Ukraynaya olan dəstək belə kəsilə bilər və ya azala bilər.Hazırda Avropa ölkələri təbii ki, bu müharibənin eyni zamanda Avropa müharibəsi olduğunu düşünürlər.Avropanın Şərq qanadının müdafiə olunması və ya Ukraynanın əslində bir şəkildə Avropa üçün də savaşdığını düşünürlər və əllərindən gələn dəstəyi verməyə çalışırlar. Maliyyə vəsaitləri ayırırlar, Amerikadan silahlar alıb ötürməyə çalışırlar, amma Avropanın özünün təhlükəsizlik problemləri, arxitekturasında ciddi problemlər, Avropa ordusunun sayı, hərbi sənayesinin gücü, bunlar hamısı problemdir. Avropanın Rusiya qarşısında özünü müdafiə etməsi, təhlükəsizliyini təmin etməsi kimi məsələlərdə ciddi problemlər var və uzun müddətdir ki, Avropa ordusunun qurulması, Avropada hərbi xərclərin artırılması, sənayenin hərbiləşdirilməsi ilə bağlı müzakirələr və fəaliyyətlər var, amma hər halda Avropa müdafiə sənayesi və ordusu Rusiya qarşısında ciddi nəticələr ortaya qoya biləcək bir səviyyədə deyil.Nəzərə alsaq ki, hərbi xərclər artırıldıqca rifah səviyyəsi aşağı düşür, iqtisadi problemlər baş qaldırır, Çinlə strateji rəqabətdə Avropa uduzur. Ona görə də Avropa ölkələrinin dəstəyi uzunmüddətli planda davam etdirə biləcəyi problemli görsənir. Amma o ayrı bir məsələdir ki, Amerikada demokratların qələbəsi ilə bərabər Senat və Nümayəndələr Palatasında onların imkanları Avropa siyasətçiləri ilə münasibətləri daha yaxşıdır və dolayısı ilə mümkündür ki, gələcəkdə Amerika da bir şəkildə Ukraynaya olan hərbi dəstəyini davam eləsin. Yəni çox faktorlar var bu müharibənin gedişatında, dəstəklənməsində. Ona görə proseslər həm Ukrayna baxımından mürəkkəbdir, həm də Avropa ölkələri baxımından".
Səkinə Musayeva