Zəngəzur dəhlizi və Azərbaycanın artan geostrateji əhəmiyyəti
Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Avrasiyanın ən mühüm logistika qovşaqlarından birinə çevrilir. Orta dəhlizin əsas hissəsi olan Zəngəzur dəhlizi isə yaxın gələcəkdə qitələri birləşdirən strateji nəqliyyat bağlantısı kimi çıxış edəcək.
Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan yerləşdiyi strateji coğrafi mövqeyi ilə demək olar ki, bütün qitələri bir-birinə bağlayan körpü rolunu oynayır və bunun üçün həm infrastruktur, həm də logistika baxımından hazır olmağa ehtiyac var:
"Rusiyadan başlayan marşrut Azərbaycandan keçməklə İrana və Asiyaya qədər rahat gedib çıxa bilir. Bu isə böyük ticarət imkanları deməkdir. Rusiya Zəngəzur dəhlizi vasitəsilə Ermənistandan keçməklə Qara dənizə və Aralıq dənizinə çıxış əldə edə bilir. Həmçinin digər Asiya ölkələri də Aralıq dənizinə və Avropaya keçid üçün bu dəhlizdən istifadə edəcəklər.
Azərbaycan tranzit ölkə olaraq geostrateji əhəmiyyətini bu qitələrdə yerləşən dövlətlər üçün daha da artırır. Bu proses Azərbaycanın iqtisadiyyatına da müsbət təsir göstərəcək.
Bu prosesin inkişafı üçün infrastrukturun daha da genişləndirilməsinə ehtiyac var. Paralel olaraq rəqəmsal münasibətlər kontekstində də danışıqlar aparılır və keçidin daha sürətli olması üçün uyğun şərait yaradılır".
Türkan Kərimli