ABŞ–İran gərginliyi: Sanksiyalar dərinləşir

Tarix: 13:20 07.07.2025
ABŞ hökumətinin İranın enerji sektoruna qarşı tətbiq etdiyi son sanksiyalar beynəlxalq diqqəti yenidən bu iki ölkə arasındakı münasibətlərə yönəldib.
Məsələ ilə bağlı politoloq Fuad Həsənov “İnformator.az” saytına açıqlamasında bildirib ki, ABŞ artıq İranın neft və neft-kimya məhsullarının ticarəti ilə məşğul olan altı təşkilat və dörd gəmini sanksiya siyahısına daxil edib:
"Həmçinin ABŞ-də yaşayan bəzi iranlıların mülklərinin müsadirə olunacağı da gözlənilir. Bu sanksiyalar sadəcə iqtisadi deyil, siyasi bir mesaj daşıyır və İranın nüvə proqramına qarşı yönəlmiş təzyiqlərin tərkib hissəsidir.
Amerika sistemi artıq əvvəlki qədər proqnozlaşdırıla bilən deyil. Trampın siyasi ritorikası və fərqli addımları ABŞ-nin xarici siyasətində bir sıra dəyişikliklərə yol açdı. İsrailin İrana qarşı hərbi əməliyyatlarına ABŞ tərəfindən verilən dəstək bölgədəki sabitliyi daha da sual altına salır. Həmçinin İranın nüvə proqramına qarşı son hərbi zərbələr – dərinlikdə yerləşən obyektlərin bombardmanı – ölkə daxilindəki mövqelərə də təsir göstərib. İran cəmiyyətində hakimiyyət ətrafında sıxlaşma müşahidə olunur. Daxildə narazılıqlar olsa da, xalqın bir hissəsi bu hücumlar fonunda rejimin ətrafında birləşmiş kimi görünür. İran balaca dövlət deyil. Qlobal neft bazarında Çinin əsas alıcı olması, eyni zamanda Rusiya kimi sanksiyalardan yayınma mexanizmlərini tətbiq etməsi rejimin ayaqda qalmasına imkan verir. Amma bu da faktdır ki, sanksiyaların artması İran iqtisadiyyatında ciddi sosial və maliyyə böhranı yarada bilər.
Qərbin və xüsusilə ABŞ-nin son dövrlərdə atdığı addımların təkcə İrana deyil, bütövlükdə beynəlxalq güc balansına təsir edir.
Ukrayna–Rusiya müharibəsində ABŞ-nin Avropa İttifaqı ilə koordinasiyası zəifləyib. İsrailin Qəzzadakı əməliyyatları, Çin və Rusiyanın regional siyasətdə artan rolu da ABŞ-nin hegemonluğunu daha mürəkkəb vəziyyətə salır".
Ayan Əsgərova