XRİTDX qlobal elektron poçt sistemində boşluqlar aşkarlayıb

Bölmə: Sosial › ,
Tarix: 11:26 08.07.2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edilib.

 

"İnformator.az" “APA-Economics”ə istinadən xəbər verir ki, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənərək ABŞ-nin Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınıb.

 

Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı olan və ABŞ-nin Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılmışdır.

 

Məlumat üçün qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60.000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.