Uşaqlarda diqqət pozuntusu və hiperaktivlik-Erkən diaqnoz, düzgün yanaşma

Bölmə: Sosial › ,
Tarix: 14:21 08.07.2025

Məktəb yaşlı uşaqlarda artan diqqətsizlik, yerində durmamaq, ani davranışlar və öyrənmə çətinlikləri valideynləri və müəllimləri narahat edir. Bu hallar bəzən “uşaq çox enerjilidir” deyə qiymətləndirilsə də, bəzi hallarda diqqət pozuntusu və hiperaktivlik sindromu – yəni ADHD ilə əlaqəli ola bilər. Bu vəziyyət vaxtında aşkar edilməzsə, həm təhsildə, həm də sosial münasibətlərdə ciddi çətinliklər yarada bilər. Mütəxəssislər erkən müdaxilə və psixoloji dəstəyin vacibliyini vurğulayır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, valideynlərin diqqət etməli olduqları vacib məqamlar var:

 

"Diqqət pozuntusu və hiperaktivlik diaqnozu olan uşaqlarla bağlı valideynlərin mütləq diqqət etməli olduğu iki əsas məqam var. Birincisi, diqqətin tez-tez dağılması və yayılmasıdır. Uşaq hər hansı bir tapşırığa başlasa belə, onu sona qədər yerinə yetirməkdə çətinlik çəkir. Məsələn, dərs zamanı yazı yazarkən fikri asanlıqla yayına bilər, ətrafda baş verənlərə reaksiya verir, diqqəti tez yön dəyişdirir. Bu səbəbdən başladığı işi yarımçıq qoyur və nəticədə çoxlu sayda səhvlər edir. Plan qurmaq, ardıcıllıqla işləmək və tapşırıqları strukturlaşdırmaqda çətinlik yaşayır. İkinci əsas məqam hiperaktivlik, yəni həddindən artıq hərəkətlilikdir. Bu uşaqlar sakit və oturaq vəziyyətdə qalmaqda çətinlik çəkirlər. Məsələn, masa arxasında oturub tapşırıq yerinə yetirməli olduqları halda, tez-tez ayağa qalxırlar, gəzir, qaçır, oynayır və daim fiziki hərəkətə ehtiyac duyurlar. Bu uşaqlar daha çox səs-küylü olurlar. Onlar üçün yerində sakit oturmaq çox çətin olur. Amma hər diqqət əksikliyi yaşayan və yaxud daimi olaraq hərəkətdə olmaq istəyən şəxslərə anında bu diaqnoz qoyulmur, ən azı altı ay müşahidə olunmalıdır ki, bu diaqnoz qoyulsun.

Valideynlər bu əlamətləri müşahidə etdikdə, mütəxəssis dəstəyi almaq vacibdir. Erkən müdaxilə ilə bu uşaqların potensialı düzgün yönləndirilə bilər və onların gündəlik həyatda daha yaxşı uyğunlaşmaları təmin olunar".

 

Qəmər Kazımzadə