Rusiya Xarkovu atəşə tutub-ölənlər var

Bölmə: Siyasət › ,
Tarix: 21:43 06.08.2025

 

Ötən gün səhər saatlarında Rusiya Ukraynanın Xarkov vilayətini atəşə tutub.Bu barədə Xarkov vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, nəticədə 3 dinc sakin həlak olub.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az” a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynanın Xarkov şəhərini atəşə tutması sadəcə hərbi hücum deyil, Moskvanın əvvəlcədən müəyyən etdiyi strateji və siyasi planlarının davamıdır:

 

“Qərb dairələrində bir müddət belə düşünülüb ki, Donetsk və Luqansk bölgələrinin ilhaqı ilə münaqişənin nisbətən yumşalacağı, sülh prosesinin mümkün ola biləcəyi bir mərhələyə keçid ediləcək. Lakin bu qənaətin reallıqla üst-üstə düşmədiyi qısa müddətdə aydın olub. Əksinə, sülhün əldə olunması daha da çətinləşib. Bundan sonra Rusiya Herson və Zaporojye vilayətlərini tam olmasa da ilhaq və işğal edib. Elə bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin verdiyi açıqlama diqqət çəkib: “Rus əsgərinin çəkməsinin dəydiyi hər qarış torpaq artıq bizimdir”. Bu ifadə Kremlin genişlənmə strategiyasının açıq göstəricisi olub”.

 

Hikmət Babaoğlu qeyd edib ki, Xarkovun atəşə tutulması da bu planın bir hissəsidir:

 

“Rusiya Xarkovu təkcə strateji nöqtə kimi deyil, həm də rus dilinin və mədəniyyətinin tarixi arealı kimi qəbul edir. Məhz bu səbəbdən, bu cür şəhərləri hədəf seçir. Eyni taleyi Sumı şəhərinin də yaşaya biləcəyi ehtimal olunur, çünki bu bölgə də Moskva tərəfindən “rusdilli ərazilər” sırasında dəyərləndirilir.
Bütün bunlara baxmayaraq, sülhün yaxın zamanlarda əldə olunacağına dair nikbin proqnozlar da inandırıcı görünmür. Əksinə, Rusiya növbəti mərhələdə Ukraynanın Qara dənizə çıxışını tamamilə bağlamaq üçün Odessaya hücum edə bilər. Necə ki, Ukraynanın Azov dənizinə çıxışı daha öncə bağlanmışdı, eyni strategiya indi Qara dəniz üçün də tətbiq edilə bilər”.

 

Politoloq son olaraq açıqlamasına əlavə edib ki, Rusiya bu addımları atarkən nə beynəlxalq hüququ, nə də humanitar prinsipləri nəzərə alır:


“Müharibə cinayətləri, mülki əhalinin — qadınların, uşaqların və yaşlıların — hədəfə alınması artıq adi hala çevrilib. Amma bu addımların beynəlxalq hüquq müstəvisində Rusiyaya qarşı konkret məsuliyyətlə nəticələnəcəyini gözləmək də əbəsdir.
Çünki hazırkı beynəlxalq hüquq sistemi olduqca zəifdir. Avropa İttifaqının Rusiyaya qarşı sərgilədiyi siyasi mövqe və bəyanatlar praktik nəticə doğurmur. Vaxtında qəbul edilməyən qərarlar və gecikmiş reaksiya nəticəsində beynəlxalq hüquq real mexanizm kimi deyil, sadəcə kağız üzərində qalan bir sənədə çevrilib.Beləliklə, Xarkovun atəşə tutulması və ümumilikdə Ukrayna ərazilərinin işğalı Rusiya tərəfindən yürüdülən genişmiqyaslı strateji xəttin davamıdır. Qərb bu siyasətə qarşı real və təsirli tədbirlər görmədikcə, münaqişənin daha da dərinləşəcəyi istisna deyil”.

Ləman Mahmudlu