Paşinyan ABŞ-yə gedir:-Tramp və Əliyevlə görüş

Tarix: 01:07 07.08.2025
Baş nazir Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş olacaq.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ-yə səfəri hazırki mərhələdə kifayət qədər ciddi əhəmiyyət daşıyır:
"Nəzərə alsaq ki, ABŞ Azərbaycan-Ermənistan arasında sülh prosesinin sürətlənməsi və yekunlaşmasında maraqlıdır və məhz Donald Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi bunun əyani göstəricisidir. Hesab edirəm ki, belə bir görüş olacaqsa Azərbaycan-Ermənistan arasında normallaşma və sülh müqaviləsinin imzalanması ilə bağlı addım atılmış olacaq. Yəni, yekun sülh sazişi imzalanmasa da ən azı razılaşmış mətnin radifikasiyası baş verə bilər. Bu görüşlər Güney Qafqazda sülh prosesinin sürətlənməsinə töhfə verə bilər. Bundan başqa Amerika Prezidenti ilə görüş həm Azərbaycan və ABŞ arasında Co Bayden dövründə yaranmış böhranlı vəziyyətin aradan qaldırılması, həm də münasibətlərin inkişafı baxımından ciddi perspektiv yarada bilər. Ermənistan Baş nazirinin Trampla görüşü isə bu ilin yanvarında imzalanmış xartiyaya uyğun olaraq münasibətlərin dərinləşməsi məsələlərinə həsr oluna bilər. Bütün hallarda bu görüşmə Güney Qafqazdakı proseslərə müsbət mənada təsir edəcək".
Fatimə Heydərova