Rusiya sadəcə vaxt udmağa çalışır-Araz Xan

Tarix: 19:27 07.08.2025
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiya hazırda atəşkəsə daha çox maraq göstərir. O, bu fikri Stiven Uitkoffla və sabiq ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlardan sonra bildirib. Zelenski qeyd edib ki, Rusiyaya tətbiq olunan təzyiqlər nəticə verməyə başlayıb, lakin əsas məsələ qarşı tərəfin səmimi olub-olmamasıdır.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan bildirib ki, Rusiya–Ukrayna müharibəsi hazırda aktiv fazada olan dünya üçün ən təhlükəli problemdir:
"Dünyada təhlükəsizlik məsələlərində çox böyük təhlükə yaradır. Buna yalnız Rusiya–Ukrayna müharibəsi kimi baxılmır. Qlobal müstəvidə, belə deyək, üçüncü dünya savaşının başlaması baxımından da çox böyük təhlükə yaradır. Ona görə də istənilən irəliyə doğru atılan addım, diplomatik səylər burada alqışlanmalıdır. Zelenskinin dediyi fikrə gəlincə, Zelenski Rusiyanın indi daha çox atəşkəsə meyilli olduğunu deyir. Bəli, bu, Rusiyanın ABŞ-nin növbəti sanksiya paketindən qorxması ilə bağlıdır. Çünki ABŞ Rusiyanın enerji daşıyıcılarına, xüsusilə də neftinə daha çox sanksiya tətbiq edəcək. Bildiyimiz kimi, Rusiya iqtisadiyyatının əsas hissəsini neft təşkil edir. Bu, Rusiya iqtisadiyyatına çox böyük zərbə olar. İqtisadiyyat çökdükdən sonra isə müharibəni aparmaq mümkün deyil. Bu baxımdan, Rusiyaya təzyiqlər çoxdur. Amma Rusiyanın hazırda Trampla görüşü, görüş barədə razılığa gəlməsi, ondan sonra isə Tramp–Putin–Zelenski görüşü ilə bağlı iddiaların ortaya çıxması — bütün bunlar mənə elə gəlir ki, Rusiya sadəcə vaxt udmaq istəyir. Yəni nə o görüşlərdə maraqlıdır, nə də səmimidir. Sadəcə bu görüşlərə razılıq verməklə vaxt udur və bununla da sanksiyalardan müəyyən bir dövr üçün yayınmağa çalışır".
Həmçinin müsahib bildirib ki,beynəlxalq təzyiqlərə gəldikdə isə, əlbəttə ki, bu təzyiqlər burada əsas rol oynayır:
"Burada ABŞ-nin təzyiqi xüsusilə önəmlidir. Rusiya, belə deyək də, dünyada başqa heç bir ölkədən çəkinmir. Onun əsas çəkindiyi ölkə məhz ABŞ-dir. Əgər ABŞ qərar versə ki, Rusiyaya təzyiq etmək lazımdır — burada həm hərbi cəhətdən Ukraynanın silahlandırılması, həm də Rusiyanın müəyyən sanksiyalara məruz qalması (növbəti sanksiyaları deyirəm) — bayaq qeyd etdiyim kimi, neftə qoyulacaq sanksiyalar artıq Rusiyanı sülhə məcbur edə bilər. Bu baxımdan bu, olduqca önəmlidir. Amma yenə də deyirəm: Rusiya burada heç də səmimi deyil. Rusiya sadəcə vaxt udmağa çalışır".
Nigar Həsənzadə