ABŞ Hindistana qarşı tarifləri artırır-Səbəb Rusiya neftidir, yoxsa başqa məqsədlər?

Bölmə: Siyasət › ,
Tarix: 14:52 08.08.2025

ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft almasına görə avqustun 6-dan etibarən bu ölkəyə qarşı tarifləri artıracağını açıqlayıb. ABŞ-lə Hindistan arasında 25%-lik tarif razılaşması mövcud olsa da, Tramp bu rüsumları yaxın 24 saat ərzində daha da yüksəltməyi planlaşdırır. Bu addım ABŞ-nin Rusiyanın enerji ixracına qoyduğu məhdudiyyətləri dəstəkləmək və Rusiya neftinin qlobal bazarlarda yayılmasının qarşısını almaq məqsədi daşıyır.


Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu qərarın arxasında yalnız Rusiya faktoru deyil, daha geniş iqtisadi maraqlar dayanır:


“Amerikanın indiki administrasiyasının son aylardakı fəaliyyətinə baxanda görürük ki, yeni illərdə ticari razılaşmalarda kəskin mövqe ortaya qoyurlar, sonra isə özlərinə uyğun vəziyyətdə müqavilələr bağlayır, razılaşmalar imzalayırlar. Məncə, Hindistana tətbiq edilən əlavə rüsumların Rusiya ilə bağlılığı yoxdur. Görünür, Amerika Hindistandan əlavə ticari və iqtisadi güzəştlər istəyir. Bunun razılaşdırılması prosesi gedir və bəhanə kimi Ukrayna-Rusiya müharibəsi və Rusiya sanksiyaları göstərilir. Çünki Amerikanın özü də hazırda Rusiya ilə ticarət aparır. Həmçinin, Amerikanın əsas müttəfiqi olan Avropa da Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biridir. Avropa Birliyi Hindistandan az mal almır. Rusiyadan neft almaq məsələsi sadəcə bəhanədir. Hindistana sanksiya tətbiq olunması real görünmür. Burada başqa iqtisadi maraqlar var və bu maraqların reallaşması istiqamətində yəqin ki, müzakirələr aparılır. Bu kontekstdə də Hindistan sıxışdırılır, guya Rusiyadan neft aldığına görə. Amma, təbii ki, tətbiq edilən sanksiyalar Hindistan üçün təsirli olacaq. Çünki Hindistanın ixracatı mühümdür və xüsusilə Amerika bazarına məhsul çıxaran sahibkarlar üçün bu həm ziyan, həm də satış imkanlarının məhdudlaşdırılması deməkdir. Mən düşünmürəm ki, bu məsələ sırf Rusiya ilə ticarətlə bağlıdır. Qeyd etdiyim kimi, Avropa Birliyi də Rusiya ilə ticarət edir, qaz alır, digər məhsullar alır. Burada əsas məsələ odur ki, Amerika Hindistandan hansısa əlavə iqtisadi və ticari üstünlükləri qoparmağa çalışır. Hələ razılaşma əldə olunmadığına görə də bu formada təzyiq göstərilir”.


Solmaz Muradova