Rusiya Cənubi Qafqazda artıq qərar verən tərəf deyil-Politoloq

Tarix: 14:59 08.08.2025
ABŞ-nin paytaxtı Vaşinqtonda bu gün Azərbaycan və Ermənistan arasında mühüm sənədlərin imzalanacağı gözlənilir. Bu sənədlər arasında sülh sazişi ilə yanaşı, xüsusilə Zəngəzur dəhlizinin açılması və regional kommunikasiyaların bərpası üzrə razılaşmalar da yer alacaq.
"İnformator.az"a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, bu proses Cənubi Qafqazda yeni bir geosiyasi balansın yaranmasına səbəb olacaq.Artıq Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Rusiya vasitəçiliyi kənarda qalıb:
“Rusiya 2025-ci ildən etibarən bölgəyə aktiv şəkildə qayıtmaq niyyətini nümayiş etdirirdi. Lakin Vaşinqtonda imzalanacaq sənədlərdən sonra Moskvanın təsir imkanları ciddi şəkildə zəifləyəcək. Zəngəzur dəhlizi və regional kommunikasiya xətlərinin açılması ümumilikdə Avrasiya nəqliyyat şəbəkəsini birləşdirəcək. Rusiya da bu prosesin içində olsa da, əvvəlki kimi yönəldici mövqedə olmayacaq. Ermənistan da artıq Rusiyadan uzaqlaşma mərhələsinə qədəm qoyub. Əgər sənədlər imzalanarsa, bu, Ermənistanın Qərblə – xüsusilə ABŞ və Avropa ilə daha sıx inteqrasiya yoluna çıxması anlamına gələcək”.
O, həmçinin qeyd edir ki, Ermənistan üçün əsas prioritet Zəngəzur dəhlizinin hərbi yox, iqtisadi formatda açılmasıdır. Mümkündür ki, bu layihənin müəyyən hissəsi ABŞ şirkətləri tərəfindən icra edilsin:
“ABŞ bu dəhlizə hərbi yox, iqtisadi baxımdan daxil olur. Bu, təhlükəsizlik zəmanəti verməyin yeni formasıdır. Bu dəhliz Rusiya üçün təzyiq aləti idi. İndi isə bu imkan sıradan çıxarılır.
Əgər bu razılaşma əldə olunarsa, növbəti mərhələdə Ermənistan və Türkiyə arasında normallaşma baş verəcək. Bu, həm də Ermənistanın Türkiyə üzərindən Avropaya inteqrasiyasını gücləndirəcək”.
Hətta bu prosesləri Qərbin – xüsusilə NATO və ABŞ-nin Cənubi Qafqazda daha fəal rol almasının göstəricisi kimi dəyərləndirir:
“Regionda güc balansını dəyişəcək. Rusiya artıq təkbaşına təsir imkanına malik olmayacaq və Qərbin – ABŞ və NATO-nun daha aktiv iştirakını görəcəyik”.
Ayan Əsgərova