ATƏT-İN MİNSK QRUPU-LƏĞV OLUNUR

Bölmə: Siyasət › ,
Tarix: 15:58 08.08.2025

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə aparan prosesdə növbəti mərhələyə keçilir. Tərəflər arasında imzalanacaq Birgə Bəyannamədə Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-in Baş Katibinə müraciət edilməsi nəzərdə tutulur. Həmçinin Ermənistan konstitusiyasında dəyişikliklərin aparılması zərurəti sülhə aparan əsas şərtlərdən biri kimi önə çıxır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ-də ciddi razılaşmaların əldə olunacağı gözləniləndir:

 

" Bu, ABŞ görüşü gündəmə gəlməzdən əvvəl həm Azərbaycanın, həm də Ermənistanın verdiyi açıqlamalarda, o cümlədən beynəlxalq aktorların bəyanatlarında sülh sazişinin çox yaxın olduğu qeyd olunurdu. Bu kontekstdə ABŞ-də ciddi razılaşmaların əldə olunacağı gözləntisi yaranıb. Əgər bu ehtimal olmasaydı və ABŞ-nin bu məsələ ilə bağlı tərəddüdü olsaydı, təbii ki, belə görüşə ev sahibliyi etməzdi. Görüş ixtiyari başqa ölkədə keçirilə bilərdi. Əgər görüş ABŞ-də keçirilirsə, deməli, prezident Donald Tramp arxayındır ki, nəyəsə nail ola biləcək. Yəni təbii ki, ABŞ bunu sadəcə xeyirxahlıq məqsədilə etmir. ABŞ-nin burada öz planı, daha doğrusu, strateji məqsədləri var. Bu məqsədlərdən birincisi, Cənubi Qafqazda sülh sazişinin imzalanması ilə Rusiyanın bölgədə oyundan kənar vəziyyətdə qalmasıdır. Bu, ABŞ-nin maraqlarına tam uyğundur. İkincisi, ABŞ Cənubi Qafqazda möhkəmlənəcək və Zəngəzur dəhlizi ilə bağlı ambisiyalarına daha da yaxınlaşacaq. ABŞ bu və ya digər formada dəhlizə nəzarəti təmin edə bilər ki, bu da rəsmi Vaşinqton üçün strateji əhəmiyyət daşıyır".

 

Həmçinin müsahib bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması üçün Azərbaycanın bir neçə əsas şərti var:

 

"Birincisi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Bu səbəbdən Azərbaycan haqlı və məntiqli şəkildə Konstitusiyanın dəyişdirilməsini tələb edir. Əks halda, gələcəkdə Ermənistanın yeni hakimiyyəti həmin Konstitusiyaya əsaslanaraq Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürə bilər. İkinci məsələ Minsk qrupunun ləğvidir. Çünki keçmiş Minsk qrupunun üzvləri  Fransa, ABŞ və Rusiya 30 il ərzində real fəaliyyət göstərməyib, əksinə, prosesi uzadaraq, vəziyyəti daha da mürəkkəbləşdiriblər. Sülh sazişi imzalandıqdan sonra həmin siyasi oyunçuların yenidən prosesə mənfi təsir göstərmək ehtimalı var ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Üçüncü əsas məsələ, Ermənistan tərəfinin Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına  yəni Qərbi Azərbaycana qayıdışına mane olmamasıdır. Əgər bu şərtlər təmin olunarsa, sülh sazişi üçün ciddi əngəl qalmayacaq. Ümumilikdə düşünürəm ki, bu mərhələdə sülh sazişi nəinki rəsmi Bakının, həm də rəsmi İrəvanın maraqlarına uyğundur. Çünki Ermənistan bu gün faktiki olaraq Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Bu proses bir qədər də davam etsə, Ermənistanın hərbi poliqona çevrilməsi də istisna deyil. Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır və bu çətir yalnız Azərbaycan və Türkiyə ola bilər. Bunun üçün Ermənistan həmin iki ölkə ilə münasibətlərini normallaşdırmalıdır. Düşünürəm ki, baş nazir Paşinyan bu reallığı anlayır. Yekun sülh sazişinin uğurla baş tutması isə daha çox Azərbaycanın iradəsindən asılıdır. Əgər bu proses bu mərhələyə çatıbsa, deməli, bu, əsasən Azərbaycanın diplomatik uğurlarının nəticəsidir. Beynəlxalq təşkilatların üzərinə, faktiki olaraq, heç bir iş düşmür. İndiyədək onların ciddi fəaliyyəti olmayıb. Amma Azərbaycan əhəmiyyətli diplomatik nəticələr əldə edib. Bunu nəzərə alsaq, proseslərin gedişi böyük ölçüdə rəsmi Bakıdan asılıdır. Hazırda rəsmi Bakı sülh sazişi istiqamətində atılan addımlarda aparıcı rola malikdir. Beynəlxalq təşkilatlara və siyasi oyunçulara ümid etmək, onlardan nəsə gözləmək isə ümumiyyətlə, məntiqə uyğun deyil".

 

Nigar Həsənzadə