Liderlər görüşə hazırlaşır

Bölmə: Siyasət › ,
Tarix: 20:42 07.08.2025

Kreml Tramp və Putin arasında görüşün keçiriləcəyi məkanın artıq razılaşdırıldığını və yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib. Bu xəbər beynəlxalq arenada böyük maraqla qarşılanıb. Görüşün əsas müzakirə mövzuları arasında Ukrayna müharibəsi və qlobal təhlükəsizlik məsələləri yer alır. 

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov bildirib ki,hesab edilir ki, bu görüş Tramp və Putin arasında indiyə qədər baş tutmuş 4 telefon danışığının nəticəsi və həmin danışıqlarda müzakirə olunmuş məsələlər əsasında keçiriləcək:

 

"Rusiya şəhərində razılaşdırılan məsələlərdən biri də Tramp-Putin görüşünün keçirilməsidir. Şübhəsiz ki, bu görüşün harada keçiriləcəyi də müzakirə mövzusudur. Yəni, tərəflərə yaxın sayılan və etimad göstərilən bir ölkədə baş tutacağı gözlənilir. Bu ölkələr arasında Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin və ya Səudiyyə Ərəbistanının daha əlverişli imkanlara malik olduğu düşünülür. O ki qaldı görüşdə müzakirə olunacaq məsələlərə, hesab edilir ki, bu görüş Tramp və Putin arasında indiyə qədər baş tutmuş 4 telefon danışığının nəticəsi və həmin danışıqlarda müzakirə olunmuş məsələlər əsasında keçiriləcək. Ən başlıcası, şübhəsiz ki, Ukrayna müharibəsi ilə bağlı məsələlər masada olacaq. Çünki Tramp bu münaqişənin dayandırılmasını və atəşkəsə gedilməsini istəyir. Putin isə yalnız şərti şəkildə buna razılıq verir, əslində isə işğal və aqressiyanı davam etdirir. Düşünürəm ki, bu görüşdə çox ciddi nəticələr əldə olunmayacaq, sadəcə olaraq ilk üzbəüz təmas kimi yadda qalacaq".

 

Ekspert həmçinin bunu da bildirib ki,görüşün yekununda Ukraynada qısamüddətli bir atəşkəslə bağlı razılaşma əldə olunması mümkündür:

 

"Bundan əlavə, Ukraynanın NATO-ya üzvlüyü məsələsi və NATO-nun Ukraynaya silah verməsi də müzakirə oluna bilər. Eləcə də Ukraynanın gələcək statusu və bir çox qlobal problemlər bu görüşün gündəliyində yer ala bilər. Tramp bu görüşdə Putinə müəyyən əməkdaşlıq formatlarını təklif etməyə çalışacaq və əgər imkan olsa, Rusiyanın gələcəkdə ABŞ-Çin qarşıdurmasında neytral mövqe tutmasına çalışacaq. Amma bu niyyətlərin razılaşmaya çevrilib-çevrilməyəcəyi kifayət qədər sual altındadır. Çünki mən düşünmürəm ki, Vladimir Putin ABŞ-nin təkliflərini qəbul edib, gələcəkdə Çinlə münasibətlərini zəiflətsin. Hal-hazırda Çin və Rusiya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini və ikitərəfli ticarət dövriyyəsinin 250 milyard dolları keçdiyini nəzərə alsaq, belə bir ssenarinin mümkün olmadığını görürük. Çox ciddi nəticələrin əldə olunacağını gözləmək reallıqdan uzaqdır".

 

Gülhüseynova Güllər