Enerji xəttində siyasi təzyiq

Tarix: 20:56 11.08.2025
Rusiya ordusu Kremlin təlimatı ilə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaq mərkəzinə raket zərbələri endiriblər. Bununla Kreml Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana qarşı atdığı addımlar sərt xarakter daşıyır:
"Rusiya, Azərbaycanın Ukrayna ilə münasibətlərinin istiləşməsindən və Ukraynaya beynəlxalq hüquq normaları çərçivəsində müəyyən humanitar yardımlar göstərməsindən məmnun deyil.Sonuncu dəfə isə iyul ayının sonunda Azərbaycan qazının ilk dəfə olaraq Ukraynaya nəql olunması Rusiyanı görünməmiş dərəcədə aqressivləşdirib. Bu da ona gətirib çıxardı ki, Rusiya Azərbaycanın Ukraynaya qaz nəqlinə imkan verən Odessadakı qaz stansiyasını, həmçinin SOCAR-ın neft bazasını açıq-aşkar hədəfə alıb. Əlbəttə, bütün bunlar Rusiyanın siyasətində anormal hallardır. Azərbaycan kimi müttəfiqə qarşı bu cür davranış, təbii ki, Rusiya üçün başa düşülən olsa da, normal sayıla bilməz. Biz Rusiyadan belə addımları görmüşük. Lakin Rusiyanın hər hansı formada aqressiv yanaşmasına baxmayaraq, Azərbaycanın Ukrayna siyasəti dəyişməyəcək. Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi şəkildə bildirib ki, Rusiyanın bu addımlarından sonra Ukrayna ilə, xüsusilə də humanitar və qaz əməkdaşlığı sahəsində əlaqələr dayanmayacaq".
Ekspert həmçinin vurğulayıb ki, Azərbaycan, Balkan qaz şəbəkəsi vasitəsilə Ukraynaya qaz nəqlini davam etdirəcək:
"Elə dünən Azərbaycan 2 milyon dollarlıq yardım göndərib. Əsasən elektrik enerjisi avadanlıqlarını əhatə edən bu yardım, həqiqi mənada Ukrayna üçün böyük əhəmiyyət daşıyır. Çünki məhz Rusiyanın səbəb olduğu müharibə nəticəsində Ukrayna böyük hərbi-humanitar fəlakət yaşayır. Belə şəraitdə Azərbaycanın Ukraynanın humanitar ehtiyaclarını qarşılamaq üçün göstərdiyi yardım, bəşəri əhəmiyyətli bir addıma çevrilir. Lakin Rusiyanın apardığı siyasət Azərbaycanın Ukrayna ilə əməkdaşlığını dayandıra bilməyəcək, əksinə, Azərbaycanın öz xarici siyasət prinsiplərinə sadiqliyinin bir daha nümayişi olacaq. Eyni zamanda, Rusiyanın atdığı bu addımlar Azərbaycanın enerji siyasətini və enerji ixracını heç bir formada dayandıra bilməz. Azərbaycanın enerji ixrac siyasəti qətiyyətlə seçilmiş bir yoldur. Bu siyasət təkcə Azərbaycanın öz tələbatlarının ödənilməsinə deyil, həm də əməkdaşlıq xətti boyunca bir sıra ölkələrin maraqlarına və təhlükəsizlik məqsədlərinə xidmət edir".
Güllər Gülhüseynova