Kəlbəcərli məcburi köçkünlər məhkəmədə ifadə veriblər

Bölmə: Sosial › ,
Tarix: 21:59 14.08.2025

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 14-də davam etdirilib.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

 

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

 

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

 

Zərərçəkmiş şəxs Səadət Qarayeva 16 yaşında doğma yurdundan - Kəlbəcər rayonundan məcburi köçkün düşdüyünü deyib.

 

O, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yaşadığı evi 1993-cü il martın 30-da tərk etdiklərini, mülklərinin işğal olunan ərazilərdə qaldığını söyləyib. Həmin vaxt doğmaları şəhid olub. Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu deyib. Bu zaman təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili ona “siz bu şəxslərdən erməni milliyyətindən olduğuna görə şikayətçisiniz?” sualını verib.


S.Qarayeva isə “Xeyr, şikayətim onların erməni olmasına görə deyil, torpaqlarımızı işğal etməsinə, işğalda saxlamasına, mülki şəxslərimizi öldürməsinə, başqa cinayətlər törətməsinə görədir” cavabını verib.