Ayrıseçkilik bütün ailəni zədələyir-Psixoloq

Tarix: 18:20 14.08.2025
Ailə dinamikasında uşaqlar arasında ayrıseçkilik, tez-tez “gizli sevimli” anlayışı ilə ifadə olunur, həm üstün tutulan, həm də kənarda qalan uşaq üçün uzunmüddətli psixoloji nəticələr doğura bilər.
“İnformator.az” saytına açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib ki, valideynlər çox vaxt bunu məqsədli etməsələr də, emosional yaxınlıq, gözləntilər və ya xarakter uyğunluğu səbəbindən bu vəziyyət yarana bilər:
“Valideyn tərəfindən daha az sevildiyini və ya dəyər verilmədiyini hiss edən uşaqda aşağı özünə hörmət formalaşa, etibar problemləri inkişaf edə bilər. Bu, gələcək sosial və romantik münasibətlərə də təsir göstərir. Ayrıseçkiliyə məruz qalan uşaqlarda həsəd, inciklik və qəzəb hissləri güclənir, nəticədə həm valideynlə, həm də digər qardaş-bacılarla münasibətlər zədələnir.
Belə uşaqlarda sosial geriçəkənlik, üsyankar davranış, davamlı təsdiq axtarışı, duyğusal həssaslıq və uzunmüddətli narahatlıq-depressiya riski müşahidə oluna bilər”.
Zeynəb Əyyubovanın sözlərinə görə, ayrıseçkilik qardaş-bacılar arasında rəqabəti artırır və bu, böyüklükdə də davam edə bilər:
“Məsafəli münasibətlər, gizli və ya açıq düşmənçilik, hətta valideynin vəfatından sonra ailə bağlarının qırılması halları tez-tez rast gəlinir. Tövsiyə edirəm ki, valideynlər fərqli uşaqlarına fərqli münasibət göstərməməyə, hər birinin fərdi güclü tərəflərini dəyərləndirməyə və sevgini bərabər şəkildə ifadə etməyə çalışsınlar”.
Ayan Əsgərova