Siqaretdən törəyən ölümcül xəstəlik "Popkorn"

Bölmə: Maraqlı › ,
Tarix: 23:03 03.04.2025

 

Elektron siqaret istifadəsi "Popkorn" xəstəliyi yaradır. Bu baradə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bu xəstəlik insanlar arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə yol açır.

 

Məsələ ilə bağlı terapevt Sübhan Hacıyev "İnformator.az" a açıqlamasında bildirib ki, bu xəstəlikdə ağciyər daha çox zərər görür:

 

"Son illər ərzində elektron siqaretin dəb halına çevrilməsi əfsuslar olsun ki, ölkəmizdən də yan keçməyib. İnsanların ənənəvi siqaretdən imtina edib, elektron siqaretdən istifadə etməsi "yağışdan çıxıb yağmura düşmək" kimi bir şeydir. Siqaretin tərkibindəki propilenqlikol, nikotin kimi maddələr xərçəng xəstəliyinə səbəb olur. Son zamanlar araşdırmalar nəticəsində məlum olub ki, diasetil maddəsi " Popkorn ağciyəri "deyilən xəstəlik yaradır. Bu xəstəlik ilk dəfə mikrodalğalı popkorn zavodunda aşkarlanmışdır. İnsanlar uzun müddət bronxiolların zədələnməsinə, daralmasına, tədricən tənəffüs çatışmazlığına gətirib çıxaran  xəstəliklə üzləşmişdilər. Əfsuslar olsun ki, günümüzdə bu xəstəliyin tam müalicəsi yoxdur. Çünki bu xəstəlik tədricən yaranır və getdikcə ağırlaşır. Nəticədə bu prosesi sadəcə dayandırmaq mümkün olur tamamilə geri qaytarılması mümkünsüzdür. Eyni zamanda maddələr ağciyər xərçəngi ilə yanaşı, tənəffüs yollarının xərçənginə, xroniki allergiya xəstəliklərinin daha kəskinləşməsinə və heç sağalmamasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, insanlara siqaretin bütün növlərindən imtina etməyi tövsiyyə edirəm ".

 

İlahə Həsənova