İsrailin Qorxulu Yuxusu-ALBANESE!

Bölmə: Maraqlı › ,
Tarix: 00:54 11.04.2025

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi Francesca Albanese, İsrailin etirazlarına baxmayaraq, yenidən öz vəzifəsinə təyin edilib. O, 7 oktyabrdan bəri həm özü, həm də övladlarının İsrailin təhdidləri ilə üz-üzə qaldığını bildirib və BMT-dən daha güclü müdafiə gözlədiyini vurğulayıb.

 

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi bütün təhdidlərə baxmayaraq, hələ də vəzifəsinin icrasındadır. Albanese, təqdim etdiyi hesabatda İsrailin Fələstin ərazilərində soyqırım törətdiyini bəyan edib. Onun sözlərinə görə, 7 oktyabrdan bəri davam edən təzyiqlər amansız xarakter daşıyıb:

 

"Mənə böhtan atıldı, hücuma məruz qaldım, təhdidlər aldım. Bu, son 16 ay ərzində amansızcasına davam edir. Mənə və ailəmə, o cümlədən övladlarıma qarşı böhtanlar atılıb, təhdidlər edilib. Mənə qarşı irəli sürülən, xüsusi prosedurların davranış kodeksini pozduğuma dair ittihamları qəti şəkildə rədd edirəm. İndi hər şey daha aydındır. Bu səbəbdən məni bu vəzifəyə təyin edən İnsan Hüquqları Şurasından yalnız bir şəxs kimi yox, həm də bu quruma xidmət edən biri kimi daha güclü müdafiə gözləyirəm", – deyə Francesca Albanese bildirib.

 

 

Albanesenin həyatı Fələstin məsələsinə həsr olunub. O, 31 il BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyində çalışıb. Daha sonra BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi təyin olunub və "Qəzzada Soyqırımın Anatomiyası" adlı hesabat hazırlayıb. Həmin hesabatdan sonra İsrail yönümlü BMT Watch təşkilatı onun səlahiyyətlərindən sui-istifadə etməsi və İsrailə qarşı "şəxsi" münasibətlər bəsləməsi ilə bağlı araşdırma dərc edib.

 

"İsrail dövləti ilə heç bir problemim yoxdur. Əgər soyqırımı dayandırarsa və beynəlxalq hüquqa əməl edərsə", – deyə Albanese əlavə edib.

 

Mənbə: CNN Türk

Səyyarə Mirzəyeva