Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib

Tarix: 15:29 21.04.2025
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Ukrayna ordusu Moskvanın elan etdiyi 30 saatlıq “Pasxa atəşkəsi”nin sona çatmasından sonra Rusiyanın bir neçə bölgədə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyini bildirib:
“Kiyev, Xerson, Zaporojya və Nikolayev də daxil olmaqla bir çox şəhərlərdə hava hücumu barədə xəbərdarlıq sirenləri səslənib. Nikolaiv meri Oleksandr Senkeviç bildirib ki, gecə boyu partlayış səsləri eşidilib, lakin ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil. Rusiyanın gözlənilməz atəşkəs elanının bir neçə dəqiqə sonra qüvvəyə minəcəyi açıqlandığı üçün bütün hücumların bir anda dayandırılması mümkün görünmürdü. Ukraynanın da analoji addım atacağını gözlədiyini deyən Putin atəşkəsin pozulması və ya təxribat olacağı təqdirdə rus əsgərlərinin cavab verməyə hazır olacağını bildirib. Ukrayna da bu atəşkəsə qarşılıq verib. Putinin atəşkəs qərarı ABŞ prezidenti Donald Trampın sülh danışıqlarında irəliləyiş olmadığı təqdirdə ABŞ-nin Rusiya və Ukrayna arasında vasitəçilikdən imtina edəcəyini söyləməsindən bir gün sonra verilib. Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin bir çox cəbhədə davam etdiyini bildirib və Putini gözlənilməz atəşkəsi aprelin 20-nə qədər olan müddətə uzadaraq “sülhə şans verməyə” çağırıb. Zelenski həmçinin Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində mövqe tutduğunu və Rusiyanın Belqorod vilayətində Ukraynanın “nəzarət zonası”nın genişləndiyini qeyd edib. Bu, ABŞ-nin əvvəlcə tələb etdiyi və Ukraynanın razılaşdığı qeyd-şərtsiz və hərtərəfli atəşkəs deyil. Yenə də Vladimir Putin əsgərlərinə 30 saat atəş açmamağı tapşırıb. O, bu qərarın "humanitar səbəblərdən" verildiyini bildirib. Ukraynanın da eyni şəkildə hərəkət etməsini gözlədiyini ifadə edən Putin, rus əsgərlərinin mümkün hücum və təxribatlara qarşı hazır olması lazım olduğunu vurğulayıb. Putin həmçinin bəyan edib ki, bu atəşkəs Kiyev administrasiyasının sülh danışıqları ilə bağlı səmimiliyini göstərəcək. Bu bəyanat ABŞ prezidenti Trampın sülh danışıqlarında dərhal irəliləyiş olmadığı təqdirdə ABŞ-nin Rusiya və Ukrayna arasında vasitəçilikdən imtina edəcəyini söyləməsindən bir gün sonra verilib. Çox güman ki, Putin bu birtərəfli atəşkəsdən Ağ Evə Rusiyanın müharibəni bitirməkdə ciddi olduğunu göstərmək üçün istifadə edəcək. Lakin Kreml tənqidçiləri hərbi əməliyyatlarda belə qısa fasilənin davamlı sülhə gətirib çıxaracağına şübhə ilə yanaşırlar”.
Həmçinin şərhçi bildirir ki, əslində bu sülhə tərəflərin hər ikisinin ehtiyacı var:
“Ukraynada mülki insanlar intensiv şəkildə həlak olur. Daxili narazılıqlar artıq baş qaldırır. Xalq Zelenskidən “əgər bir nəticə yoxdursa, zamanında niyə İstanbul razılaşması qəbul edilmədi” sualına cavab tələb edir. Rusiyada isə həm canlı qüvvə, həm hərbi ehtiyat qıtlığı yaşanmaqdadır. Fərarilərin sayı durmadan artır. Digər tərəfdən isə, Tramp təzyiqləri gücləndirir. Müharibənin davam etməsi onun siyasətini fiaskoya uğradır. Bu amilləri nəzərə alaraq, müəyyən müddətlik atəşkəsin davam edəcəyini müşahidə etmək mümkündür”.
Aysel Mirzəyeva